İmişli şəhər sakini, fərdi sahibkar Tofiq Ağacanov şikayətinin İmişli rayon polis şöbəsində qeyri-obyektiv araşdırılmasından narazıdır. Onun sözlərinə görə, ötən ilin iyulunda bir qadın işlədiyi mağazadan 8500 manat dəyərində 17 adda qızıl-zinət əşyası alıb. Gözətçiyə daxil olan şikayətdə bildirilir ki, malların dəyəri ABŞ dolları ilə ödənilib. T. Ağacanov bu əskinasları bankda yoxlatdıranda bilib ki, ona verilmiş 50 ədəd 100-lük dollar əskinaslarının hamısı saxtadır. Dərhal bu barədə polisə məlumat verib.
İmişli rayon polis şöbəsi tərəfindən aparılan əməliyyat-axtarış tədbirləri ilə fakt təsdiqini tapıb. Saxta pulla mal alan alıcı və bu işdə şübhəli bilinən daha 2 nəfər saxlanılıb. Onların barəsində Cinayət Məcəlləsinin 204.1-ci (satış məqsədi ilə saxta pul, qiymətli dövlət kağızları və ya xarici valyuta, yaxud xarici valyutada ifadə olunan qiymətli kağızları hazırlama, habelə əldə etmə və ya satma) maddəsi ilə cinayət işi başlanılıb.
Amma istintaqın gedişi zamanı şübhəli məqamlar ortaya çıxıb. Saxlanılan şəxslər etdikləri əməli etiraf etdikdən sonra barələrində həbs qətimkan tədbirinin seçilməsinə dair müstəntiqin verdiyi vəsatət ibtidai araşdırmaya prosessual rəhbərliyi həyata keçirən İmişli rayon prokuroru Valeh Səmədov tərəfindən təmin edilməyib. Onlar polisin nəzarəti altına verilib. Üç ay sonra cinayət işi üzrə icraat dayandırılıb.
Zərərçəkən bildirir ki, icraatın dayandırılması üçün əsas olaraq Cinayət-Prosessual Məcəllənin 53.1.4-cü maddəsi seçilib:
“Bu maddəyə görə təqsirləndirilən şəxsin ağır xəstəliyi və ya Azərbaycan Respublikasının hüdudlarından kənarda olması ilə əlaqədar cinayət prosesində iştirakının müvəqqəti mümkün olmadığı halda cinayət təqibi üzrə icraat dayandırıla bilər. Halbuki təqsirləndirilən şəxslərin heç biri xəstə və ya xaricdə deyildi.”
Ağacanov bildirir ki, bu şübhəli qərardan sonra Baş Prokurorluğa və Daxili İşlər Nazirliyinə davamlı məktub və teleqramlar göndərib. Bundan sonra istintaqın “don”u açılıb:
“Yuxarı”ların tələbi ilə 6 ay sonra- 2020-ci ilin aprelin 28-də iş üzrə icraat təzələndi. Amma bu dəfə hadisənin əsas iştirakçısı olan qadını “aradan çıxarmışdılar”. Guya onu tapa bilmədiklərindən barəsində axtarış elan edildi. Halbuki mən polis idarəsində olarkən o qadının şöbənin qarşısına gəlməyi barədə istintaq bölmə rəisi Ələhməd Əhmədliyə məlumat verildi. O, göstəriş verdi ki, qadınla idarədə deyil, kənar yerdə söhbət aparılsın. Mən narazılığımı bildirdim ki, bəs deyirdiniz onu tapa bilmirik? Ələhməd müəllim dedi ki, sənə dəymiş zərər ödənilib, pul mənim cibimdədir. Sadəcə işin bağlanmağı üçün bəzi prosedurların yerinə yetirmələrini gözləməyimi xahiş etdi. Qadının xəstə körpə uşağının olduğunu dedi və belə vəziyyətdə onun həbsinə baiskar olmamağımı istədi.
T.Ağacanov bildirir ki, bölmə rəisi bu vədinə də əməl etməyib. Buna görə o, Baş Prokurorluğa yenidən şikayət edib:
“Əminəm ki, dələduzları himayə edənlər var. Yoxsa 11 ay ərzində bir nəticə əldə olunardı. Mən gözləyirdim ki, saxta pul əskinasları hazırlanan və paylanılan mənbə üzə çıxacaq, bu cinayətdə iştirak edən mütəşəkkil dəstə aşkarlanıb ifşa ediləcək. Amma istintaqçıların davranışları məndə əsaslı şübhə yaradır ki, onlar cinayətin üstünü açmaq əvəzinə, onu ört-basdır etmək istəyirlər. Qoyun, toyuq oğurlayanlar barədə dərhal “həbs” sanksiyası verilir, amma saxta pulu dövriyyəyə buraxan dəstə üzvlərini sərbəst buraxıblar. Məgər saxta pul cəmiyyət və dövlət üçün az təhlükəlidir? Cinayət işi üzrə icraat hansı əsasla dayandırılmışdı? Ölkədən çıxışın məhdudlaşdığı bir vaxtda axtarışda olan o qadın xaricə gedə bilməz. Onu nə məqsədlə gizlədiblər? Əgər təqsirləndirən şəxs həqiqətən gizlənibsə, onu tapmaq bu qədər çətindir? Bölmə rəisi “sənə çatası pul mənim cibimdədir” deyirdi. Elə təqsirləndirilən şəxslər də bildirirlər ki, torpaq, avtomobil və başqa əmlaklarını satıb, pulunu Ə. Əhmədliyə veriblər. Bilmirəm onların arasında nə alış-veriş olub. Amma buna əminəm və özü də etiraf edib ki, mənə dəyən zərər İmişli rayon polis şöbəsinin istintaq bölmə rəisinə ödənilib. Baş prokurordan xahiş edirəm ki, mənim pulumun alınmağına köməklik etsin.”