Rusiyadan Azərbaycana maneəsiz qayıtmaq tələbilə Dağıstanda keçirilən etiraz aksiyasından sonra həbs edilən azərbaycanlıların adları məlum olub.
Məlumata görə, həmin vətəndaşlara qarşı cinayət işi qaldırılıb. Bu barədə Turan agentliyi xəbər yayıb.
10 nəfər Azərbaycan vətəndaşı:
- Nahid Rəhman oğlu Ağayev 1980-ci ildə anadan olub;
- Elbrus İdris oğlu Əhmədov 1983-cü il;
- Rövşən Arif oğlu Hüseynov 1988-ci il;
- Tural Nazim oğlu Qiyasov 1996-ci il;
- Ceyhun Arzu oğlu Namazov 1999-cu il;
- Emin Sahib oğlu İmaməliyev 1999-cu il;
- Elmar Məhəmməd oğlu Musayev 1990-ci il;
- Elmar Heydər oğlu Mehdiyev 1990-ci il;
- Ənvər Burjula oğlu Muradov 1990-ci il;
- Əziz Əfqan oğlu Fərəkzadə 1994-cü ildə anadan olub.
Agentliyin məlumatına görə, Rusiya Federasiyası Cinayət Məcəlləsinin 318-ci maddəsinin ikinci hissəsi üzrə ittiham irəli sürülüb: öz vəzifə borcunun icrası ilə əlaqədar hakimiyyət nümayəndəsinə və ya onun yaxınlarına qarşı həyat və ya sağlamlıq üçün təhlükəli olan zorakılığın tətbiqi - on ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır, həmçinin RF CM-in 167-ci maddəsinin birinci hissəsi: özgə əmlakının qəsdən məhv edilməsi və ya zədələnməsi, əgər bu əməllər ciddi ziyan vurmaqla nəticələnibsə - qirx min rubla qədər və əməkhaqqının həcmində və ya üç ayadək müddətdə məhkumun digər gəlirinin həcmində və ya üç yüz altmış saat müddətinə məcburi işlər və ya bir il müddətinə islah işləri və ya iki il müddətinə məcburi işlər və ya üç ay müddətinə həbs və ya iki ilədək azadlıqdan məhrumetmə ilə cəzalandırılır.
İstintaqın versiyası nədir?İstintaqın versiyasına görə, iyunun 15-də vətənə buraxılmamasından, Qullar kəndi yaxınlığında müvəqqəti çadır düşərgəsində və yataqxanada qalmasından narazı olan 400 nəfər Azərbaycan vətəndaşı etiraz əlaməti olaraq “Qafqaz” federal trassını bağlamağa cəhd edib.
İşi aparan RF İstintaq Komitəsinin press-relizində deyilir ki, etiraz edən bəzi Azərbaycan vətəndaşları “polis əməkdaşlarına tabe olmayıblar, onlara daş və başqa əşyalar ataraq hakimiyyət nümayəndələrinə qarşı həyat və sağlamlıq üçün təhlükəli olan zorakılıq tətbiq ediblər”.
İstintaqın versiyasına görə, doqquz polis xəsarət alıb, beş xidməti maşına ziyan dəyib. İstintaq Komitəsində ümumi zərər təxminən 400 000 rubl qiymətləndirilib.
"Azərbaycan öz vətəndaşlarını vətənə buraxmaqdan imtina edir"Hüquq müdafiəçilərinin müşahidələrinə görə, iğtişaşlara Azərbaycan hakimiyyətinin düşünülməmiş hərəkətləri və fəaliyyətsizliyi səbəb olub. Belə ki, hakimiyyət koronovirus pandemiyası adı ilə öz sərhədlərini bağlayıb və öz vətəndaşlarını vətənə buraxmaqdan imtina edir.
Müstəqil KİV-in qiymətləndirmələrinə görə, etiraz aksiyalarında iştirak etmiş 400 Azərbaycan vətəndaşının təxminən yarısı etirazçıların dağıdılması zamanı polis zorakılığı ilə üzləşib.
Cinayət ittihamı ilə həbs edilmiş 10 Azərbaycan vətəndaşından başqa 80-ə yaxın Azərbaycan vətəndaşı qısamüddətli inzibati saxlanmalara məhkum edilib ki, onların da çoxu artıq müddət bitdiyinə görə azad edilib.
Hüquq müdafiəçilərinin verdiyi məlumatlara görə, həm cinayət, həm də inzibati ittihamlarla saxlanılan Azərbaycan vətəndaşlarının hamısı effektiv hüquqi müdafiədən məhrum ediliblər.