İyunun 1-də Təhsil Nazirliyinə “Ödənişi ləğv et! və “İmtahanları ləğv et!” istəyi ilə petisiya təqdim etməyə çalışan “Tələbə tələbi” hərəkatının rəhbəri Rüstəm İsmayılbəyli inzibati qaydada 15 gün müddətinə həbs olunub.
Bu barədə AzadlıqRadiosuna Hərəkatdan açıqlama verilib. Məlumata görə, Rüstəm İsmayılbəyli İnzibati Xətalar Məcəlləsinin 211-ci ( Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) və 535.1-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddələri ilə təqsirli bilinib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə onun 15 sutka müddətinə həbs olunduğu bildirilir.
Aksiyada saxlananlar cərimələnib və …
İyunun 1-də Təhsil Nazirliyinin önündə saxlanan gənclərdən 6-sı cərimələnərək buraxılıb.
Bu barədə AzadlıqRadiosuna fəalların özləri məlumat verib. Onların sözlərinə görə, barələrində İnzibatı Xətalar Məcəlləsinin 211-ci maddəsi ilə protokol tərtib olunub:
"Nərimanov rayon 18-ci polis bölməsində barəmizdə İnzibati Xətalar Məcəlləsinin (İXM) 211-ci (Epidemiya əleyhinə rejimin, sanitariya-gigiyena və karantin rejimlərinin pozulması) maddəsi ilə protokol tərtib olundu".
Onlardan bəziləri 100, bəziləri isə 200 manat cərimələnib.
"Rüstəm İsmayılbəyli isə İXM-nin 535-ci (Polis işçisinin və ya hərbi qulluqçunun qanuni tələbinə qəsdən tabe olmama) maddəsini pozmaqda günahlandırılır. O, artıq məhkəməyə aparılıb", - gənclərdən biri vurğulayıb.
7 nəfər saxlanıb
Bakı Şəhər Baş Polis İdarəsinin mətbuat xidmətindən də "Turan" agentliyinə bildirilib ki, Təhsil Nazirliyinin qarşısında xüsusi karantin rejimi qaydalarına zidd olaraq, müvafiq icra hakimiyyəti ilə razılaşdırmadan aksiya keçirməyə cəhd göstərən 7 nəfər saxlanıb:
"Onlardan 6 nəfər barəsində İnzibati Xətalar Məcəlləsinin 211-ci maddəsinə uyğun olaraq protokol tərtib olunub, 1 nəfər aksiyanın təşkilatçısı barəsində toplanmış materiallar isə rayon məhkəməsinə göndərilib".
Təhsil Nazirliyi tələbələrin tələbinə cavab verib
"Mart ayından başlayaraq təhsil müəssisələri tərəfindən təşkil edilmiş məsafədən tədrisə obyektiv səbəbdən qoşula bilməyən və bunun nəticəsi olaraq imtahanda iştiraka hazır olmayan tələbələrin fərdi müraciətləri əsasında avqust ayı ərzində 3-4 həftəlik, əyani və ödənişsiz əsaslarla icmal mühazirələr təşkil olunacaq".
Bunu Təhsil Nazirliyin İctimaiyyətlə əlaqələr sektorunun müdiri Cəsarət Valehov bildirib.
O qeyd edib ki, karantin qüvvədə olduğu müddətdə "ASAN xidmət" və "DOST" mərkəzləri istisna olmaqla, digər dövlət orqanlarında vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu müvəqqəti olaraq dayandırılıb:
"Buna baxmayaraq, nazirliyə müraciət edən üç tələbə - Bakı Dövlət Universitetinin II kurs tələbəsi Rüstəm İsmayılbəyli, Azərbaycan Dövlət İqtisad Universitetinin IV kurs tələbəsi Allahverdi Həsənov və Azərbaycan Dillər Universitetinin IV kurs tələbəsi Zərifə Novruzova nazirliyin Elm, ali və orta ixtisas təhsili şöbəsinin vəzifəli şəxsləri tərəfindən qəbul olunub".
Nazirliyin sözçüsü vurğulayıb ki, qəbul zamanı R.İsmayılbəyli nazirlik rəsmilərinə bütün imtahanların ləğv olunması barədə yazılı, imzasız fərdi müraciət təqdim edib.
"…Ərizəni imzalamaqdan imtina etdik"
Z.Novruzova AzadlıqRadiosuna bildirib ki, görüşdə rəsmilər onlara ərizə imzalamağı təklif ediblər:
"Bizi qəbul edən rəsmilər bizim üçün hazırlanmış ərizə formasını verdilər və onu doldurmağa təklif etdilər. Formada ad, soyad və tələb xanaları var idi. Biz isə bildirdik ki, öz adımızdan yox, minlərlə tələbələri təmsil edərək gəlmişik və ərizəni imzalamaqdan imtina etdik".
Azərbaycanda tələbələrin təqribən yarıdan çoxu ödənişli əsaslarla təhsil alır.