Sosial şəbəkələrdə və müxtəlif internet kanallarında Yardımlıdakı problemləri yayımlayan Dəlləkli kənd orta məktəbinin müəllimi Cəlil Zabidov həbs olunub. Mayın 21-də Yardımlı Rayon Məhkəməsində onun CM-in 221.1 (xuliqanlıq) maddəsi ilə təqsirli bilinib, 5 ay həbsə məhkum edilməsi barədə hökm çıxarılıb.
Bu barədə AzadlıqRadiosuna C.Zabidovun ailəsindən məlumat verilib. Cəlil Zabidoov bir sıra fəalların birləşdiyi "D-18" siyasi hərəkatının üzvüdür.
Yaxınları deyir ki, rayondakı korrupsiya halları, məmur özbaşınalıqları haqda materialların yayımına görə C.Zabidov çoxdan Yardımlı Rayon İcra Hakimiyyətinin rəhbərliyini qıcıqlandırmışdı.
Fevralın 9-da keçirilən parlament seçkilərində müşahidəçi olduğu seçki məntəqəsindəki pozuntu hallarını ictimailəşdirməsi ilə qarşı tərəfin ona olan səbrinin tükəndiyini deyirlər.
"Seçkidən dərhal sonra da ona cinayət işi açdılar. 72 saylı dairənin 1 saylı məntəqəsində müşahidəçi idi. Orada olan saxtakarlıqları çəkdiyinə görə onun özünü məntəqədə döymüşdülər. Bunun da videosu yayılmışdı. Bir gün sonra seçki məntəqəsində olanlardan biri gəlib onu döyüb, qolunu da sındırmışdı. Amma son nəticədə qolu sınan Cəlil oldu xuliqan, onu döyən isə zərərçəkmiş. Məhkəmədə də saxta şahidləri gətirib üzünə qoydular", – yaxınları belə deyir.
35-yaşlı C.Zabidov Yardımlı sakini Hamlet Əməşova qarşı xuliqanlıqda suçlanır. Amma ailəsi hesab edir ki, onu yaydığı tənqidi materiallara görə rayon rəhbərliyinin sifarişiylə cəzalandırıblar: "İcra başçısı ona xəbər göndərmişdi ki, əgər özünü yığışdırmasa, onun üçün pis olacaq. Ümumiyyətlə, rayonda hamının başına eyni cür oyun açırlar. Cəlilin üç azyaşlı uşağı var, indi onlar necə dolansın? Sözün düzünü deyənə bu qədər haqsızlıq olarmı?"
C.Zabidov materialları daha çox Facebook-dakı "Korrupsiyaya yox de" səhifəsində yayımlayırdı. Bu səhifəni idarə edənlərdən Elmir Şirəliyev AzadlıqRadiosuna bildirib ki, kənd müəllimi daha çox rayondakı səmərəsiz xərcləmələr, yeyintilər haqda materiallar hazırlayırdı: "Xüsusən parlament seçkilərində saxtakarlığa etiraz etdiyindən rayon rəhbərliyi üçün "arzuolunmaz şəxs"ə çevrildi".
İcra hakimiyyəti rəsmiləri də iddia qaldırıb
Yardımlı Rayon İcra Hakimiyyətindən isə AzadlıqRadiosuna bildirilib ki, onun həbsində rayon rəhbərliyinin heç bir rolu yoxdur. Əlavə edilib ki, C.Zabidov həqiqətə uyğun olmayan materiallar yayırdı.
O da məlum olub ki, icra başçısının müavini, Sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahir Mirzəyev C.Zabidovu məhkəməyə verib. Səbəb isə Heydər Əliyev Fondu tərəfindən rayondakı 2 saylı Körpələr evi-Uşaq bağçasına ayrılmış yardımın yeyintisi barədə materialdır. İcra başçısının müavini bunun böhtan olduğunu bildirir və C.Zabidovdan 15 min manat kompensasiya tələb edir.
İcra başçısının birinci müavini Azər Xamiyev isə şərəf və ləyaqətin, işhüzar nüfuzun müdafiəsiylə bağlı eyni məbləğdə təzminat tələbiylə məhkəmədə iddia qaldırıb. Bu iddia üzrə məhkəmənin hazırlıq iclası mayın 29-na təyin edilib.
72 saylı Masallı-Yardımlı seçki dairəsindən parlamentə Musa Qasımlı deputat seçilib.
Son aylar Dövlət Təhlükəsizliyi Xidməti dörd rayonda xüsusi əməliyyatlar keçirərək icra başçılarını həbs edib, onlar sonradan vəzifədən sui-istifadədə, mənimsəmədə ittiham olunublar və barələrində həbs-qətimkan tədbirləri seçilib.
Xatırlama
Bu il fevralın 9-da Azərbaycanda parlament seçkiləri keçirilib.
Yerlərin yarıdan çoxunu yenə hakim Yeni Azərbaycan Partiyasının (YAP) təmsilçiləri qazanıb. Bir sıra müxalif qüvvələr seçkilərdə total saxtakarlıqlara yol verildiyini vurğulayaraq yenidən parlament seçkiləri keçirilməsini tələb edirdilər. Amma hakimiyyət rəsmiləri bildirirlər ki, pozuntu baş verən dairə və məntəqələrdə nəticələr ləğv edilib. Onların fikrincə, parlament seçkiləri bütünlükdə xalqın iradəsini ifadə edib.
Mərkəzi Seçki Komissiyası 125 dairədən cəmi dördündə nəticələri ləğv edib. Həmin dairələrdə təkrar seçkilər keçirilməlidir.