9 fevral parlament seçkilərindən sonra Mərkəzi Seçki Komissiyasının (MSK) binası qarşısındakı divara “Fu Məzi” yazmış gənc fəal Fuad İsmayılov yenə həbs olunub. İlk dəfə matın 7-də həbs olunduğu kimi, yenə də ona narkotik ittihamı və 2 aylıq inzibati həbs cəzası verilib.
F.İsmayılov mayın 21-də səhər saatlarında evdən çıxıb. Ailəsi bir sutka ərzində onun yeri haqda heç bir məlumat ala bilməyib. Mayın 22-də axşamüstü məlum olub ki, onu Suraxanı Rayon Məhkəməsinə aparıblar.
F.İsmayılov İnzibati Xətalar Məcəlləsinin 206-cı (şəxsi istehlak miqdarında qanunsuz narkotik əldə edilməsi, saxlanması, daşınması) maddəsilə ittiham olunub.
Baxmayaraq ki, inzibati xətalara dair məhkəmə prosesləri açıq keçirilməlidir, F.İsmayılovun işinə qapalı baxılıb. Ona 2 ay inzibati həbs cəzası verilib.
Polislər F.İsmayılovu məhkəmədən çıxarıb maşına mindirərkən o, jurnalistlərə deyib ki, narkotiki cibinə polis idarəsində atıblar: “Dünən axşam cibimə atdılar. Əvvəl bir protokol tərtib elədilər, sonra başqa bir protokol...”
Polislər ona bundan artıq danışmağa imkan verməyib. Çevik Polis Alayının maşınına mindirib aparıblar.
F.İsmayılov fevralın 9-da keçirilən parlament seçkilərində 32 saylı Suraxanı üçüncü Seçki Dairəsindən deputatlığa namizəd Fikrət Cəfərlinin məşvərətçi səshüquqlu komissiya üzvü olub.
MSK-nın qarşısında “Fu Məzi” yazandan bir müddət sonra narkotik ittihamıyla həbs edilib. O zaman da - martın 7-də günorta saatlarında evdən çıxandan sonra ailə üzvləri onun haqqında heç bir məlumat ala bilməmişdi. Daxili İşlər Nazirliyinin “Qaynar Xətt”inə çoxsaylı zənglərdən sonra onun həbs olunduğunu öyrənmişdilər. Məlum olmuşdu ki, F.İsmayılov Suraxanı Rayon Məhkəməsinin qərarıyla İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə 60 günlük həbs olunub.
Həmin qərardan verilən apelyasiya şikayətinə baxılarkən F.İsmayılov demişdi ki, tutulandan sonra işgəncəyə məruz qalıb. Onun sözlərinə görə, narkotiki 32-ci polis bölməsində cibinə atıblar. Bu üzdən narkotik ittihamıyla tərtib edilmiş protokolu da imzalamaqdan imtina edib.
“O qədər vurdular ki, qulağım zədələndi, üzərimdə xəsarət izləri var. Məni kameradan çıxarırdılar, 20 nəfər üstümə tökülüşürdü. Məhkəmədə mənim haqqımda İnzibati Xətalar Məcəlləsinin 206-cı maddəsilə qərar çıxarıb, təcridxanaya göndərdilər. Təcridxanada isə gələn-gedən hamısı mənə siyasətlə bağlı sual verirdi. Deyirdilər ki, sən dövlətə qarşı çıxırsan. Deyirdim, mən dövlətə qarşı çıxmıram, əksinə, dövlətin yaxşı olmasını istəyirəm”, - F.İsmayılov bunları apelyasiya məhkəməsində demişdi.