"Babasının faşist ordusunda xidmət etməsini gizlədən, Q.Njde və nasistlərlə əməkdaşlıq etmiş digər soydaşlarını qəhrəman kimi təqdim etməsi ifşa olunan Ermənistan baş naziri N.Paşinyan çıxış yolunu Azərbaycan Cümhuriyyətinin və Müsavat Partiyasının qurucusu M.Ə.Rəsulzadəyə böhtan atmaqda, onu faşist rejimi ilə əməkdaşlıqda ittiham etməkdə görüb".
Bu fikirləri Milli Strateji Düşüncə Mərkəzinin sədri, Müsavat Partiyasının keçmiş başqanı İsa Qəmbər yazıb. Siyasətçi deyir ki, Paşinyanın Rəsulzadə ilə bağlı yalanına həm ziyalılarımız, tarixçi alimlərimiz, həm də Müsavat Partiyası rəhbərliyi başda olmaqla siyasətçilərimiz tutarlı cavablar verib, onun özünümüdafiə üçün təkrarladığı bu cəfəngiyyatı elmi sübutlarla darmadağın ediblər.
"Mən məsələnin başqa bir cəhətinə diqqəti cəlb etmək istəyirəm. 2018-ci ilin birinci yarısında hakimiyyətə gələn Paşinyan mürəkkəb daxili və beynəlxalq amillərin nəticəsində unikal bir şans əldə etmişdi. O, korrupsiya və monopoliyaları, repressiya və saxtakarlığı aradan qaldıraraq, Qarabağ məsələsində gerçəkçi bir mövqe tutaraq, saxta soyqırım manipulyasiyasına son qoyaraq Ermənistanı böhran vəziyyətindən çıxara, Azərbaycan və Türkiyə ilə normal qonşuluq münasibətlərinə start verə və ölkəsinin Avropaya həqiqi inteqrasiyasına nail ola bilərdi".
İsa Qəmbər bildirib ki, yarımçıq, diletant və populist fəaliyyətilə bütün bu imkanları demək olar ki, itirən Paşinyan üstəlik son dövrdə davranışları ilə, "İnsanlara hürriyyət, millətlərə istiqlal" şüarının və "Ümumi Qafqaz Evi" ideyasının əsas müəllifi M.Ə.Rəsulzadəyə qərəzli hücumları ilə siyasətdə və dövlət idarəetməsində təsadüfi bir fiqur olduğunu ortaya qoymuş oldu.
Qeyd edək ki, Ermənistanın baş naziri Nikol Paşinyan Azərbaycan Xalq Cümhuriyyətinin (AXC) lideri Məhəmməd Əmin Rəsulzadəni Hitlerlə, faşist Almaniyası ilə əməkdaşlıqda ittiham edib.