AXCP fəalı terrorçuluğun maliyyələşdirilməsi ilə ittiham edilərək həbs edilib

AXCP fəalı terrorçuluğun maliyyələşdirilməsi ilə ittiham edilərək həbs edilib
19 May 2020
Mətni dəyiş

Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov barəsində Cinayət Məcəlləsinin 214-1 maddəsi (Terrorçuluğun maliyyələşdirilməsi) ilə cinayət işi başlanıb.

Bu barədə mənsub olduğu partiya açıqlama yayıb. Məlumata görə, siyasi fəal hazırda Bakı İstintaq Təcridxanasıda saxlanılır.

Açıqlamada deyilir ki, mayın 16-da Nəsimi rayon Məhkəməsi hakim Babək Pənahovun sədrliyi ilə Niyaməddin Əhmədov barəsində dörd aylıq həbs qətimkan tədbiri seçib.

Partiyadan bildirildiyinə görə, N.Əhmədov özünün vəkilini tələb etsə də, ona dövlət hesabına başqa müdafiəçi təqdim olunub.​ Cinayət işinin istintaqını Baş Prokurorluğun Ağır Cinayətlərə dair İşlər üzrə İstintaq İdarəsi aparır.

Dövlət tərəfindən təyin edilmiş vəkil Əhməd Fərhadov isə Amerikanın Səsinə bildirib ki, məhkəmədə Niyaməddin Əhmədov da, o da çıxış edib. "Əhmədov ittiham üzrə özünü günahkar bilmədi. Məhkəməyə bildirdi ki, terrorçuluqdan söhbət gedə bilməz. Sadəcə ona olan borc pulu göndəriblər. Buna baxmayaraq mhəkəmə Əhmədov barədə həbs qətimkan tədbiri seçdi", - vəkil qeyd edib.

İttiham sübut edilərsə Niyaməddin Əhmədovu 10 ildən 14 ilədək həbs gözləyir.

AXCP bildirir ki, bu ittiham "hüququn ayaq altına atılması" deməkdir və ən yüksək səviyyədə siyasi sifarişdir.

Partiya sədrinin müavini Seymur Həzinin sözlərinə görə, Niyaməddin Əhmədov 2019-cu ilin 19 oktyabr aksiyasında AXCP sədri Əli Kərimlini axıradək müdafiə etdiyinə görə cəzalandırılır.

Aprelin 16-da Azərbaycan Xalq Cəbhəsi Partiyasının fəalı Niyaməddin Əhmədov Xətai Rayon Məhkəməsinin qərarı ilə İnzibati Xətalar Məcəlləsinin 211-ci (karantin qaydalarını pozma) və 535-ci (polisin qanuni tələbinə tabe olmamaq) maddələri üzrə inzibati qaydada 30 sutka müddətinə həbs olunub.

Azərbaycan Xalq Cəbhəsi Partiyası aprelin 28-də (AXCP) bu partiyanın sədri Əli Kərimlinin ictimai əsaslarla mühafizəçisi Niyaməddin Əhmədovun işgəncəyə məruz qaldığını bildirib.

AXCP-nin məlumatına görə, aprelin 16-da inzibati qaydada həbs olunan Əhmədov aprelin 28-də səhər saat 11 radələrində saxlanıldığı Daxili İşlər Nazirliyinin (DİN) İnzibati Həbs Olunanların Saxlanma Məntəqəsindən başına torba salınaraq naməlum ünvana aparılıb.

"Niyaməddin Əhmədov özü yaxınlarına məlumat ötürüb ki, onu harasa aparıb küçə söyüşləri ilə müşayiət olunan işgəncələrə məruz qoyublar. Ondan tələb olunub ki, Əli Kərimlidən pul aldığı haqda ifadə versin. Təxminən saat 23-də istədiklərinə nail olmadıqlarını görüb onu Saxlanma Məntəqəsinə qaytarıblar. Hazırda təkadamlıq kamerada saxlanılır," AXCP-nin aprelin 29-da yaydığı məlumatda deyilir.

Öz növbəsində Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Ehsan Zahidov AXCP-nin məlumatında deyilənləri təkzib edib. Onun sözlərinə görə, məlumat "uydurma xarakterlidir".

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun