Ərli də sızıldayır, ərsiz də, qırx oynaşı olan da.
Atalar məsəli
Bu virus, karantin söhbətləri hər bir dövlətin öz vətəndaşlarına qarşı necə münasibət göstərdiyini makiyajsız, bəzək-düzəksiz şəkildə ortaya qoydu. İnsan deyilən bir canlıya Azərbaycanda dövlət tərəfindən qarışqa, hörümçək qədər hörmət qoyulmaması, yeri, milli mənsubiyyəti səhv düşmüş, eləcə də qabırğa və dərisinin qalınlığı bəşəri standartlara bir balaca uyğun gələn hər kəsə bu karantinli, viruslu günlərdə növbəti dəfə (bu dəfə belə lap açıq-aşkar tərzdə) məlum oldu.
Söhbəti çox uzatmadan, bəribaşdan qeyd edək ki, Azərbaycanda dövlətin insanlara qarşı bu cür münasibət göstərməsində, daha konkret desək, dövlətin insana qarışqa, hörümçək qədər hörmət qoymamasında anormal, qeyri-adi, əlahiddə, fövqalədə heç nə yoxdur. Bu cür münasibətdə ədalətsizlik çalarları axtarmağın, bunu bəyan etməyin özu belə hardasa daha böyük ədalətsizlik sayılmalıdır. Niyə? Çox sadə bir səbəbə görə. Özünü kölə kimi hiss edən, özünü kölə kimi aparan insanlara dövlətin əsl vətəndaş kimi münasibət göstərməsi harda görülüb? Hansı dəftərdə, hansı kitabda yazılıb ki, insan özünü kölə kimi hiss etdiyi, insan özünü kölə kimi apardığı halda, dövlət ona əsl vətandaş kimi münasibət göstərməlidir? Vətəndaş dövlətdən nəsə tələb edə bilər. Kölənin isə dövlətdən, sahibindən nəsə tələb etməyə heç bir ixtiyarı yoxdur. Kölə ancaq və ancaq dizini yerə atıb, yalvara-yalvara, ağlaya-ağlaya, gözünün yaşını bıldır-bıldır axıdaraq sahibindən nəsə istəyə bilər. Necə ki, karantin günlərində azərbaycanlılar dizlərini yerə atıb, zar- zar ağlaya-ağlaya, yalvara-yalvara, bıldır-bıldır göz yaşı axıda-axıda dövlətdən 190 manat tula payı istəyirdilər.
Kölənin ağlaya-ağlaya, yalvara-yalvara istədiyi şeyin sahibi tərəfindən ona verilib və ya verilməməsi, əlbəttə, sahibinin mərhəmətindən, bir az da ovqatından asılıdır. Sahibinin köləyə yazığı gəlsə, üstəlik bir balaca kefi kök olsa kölənin istədiyi şeyi ona verəcək. Kölə də istədiyi şeyi alıb sahibinə min dəfə alqışlar deyəcək, allaha milyon dəfə şükürlər edəcək. Sahibinin köləyə yazığı gəlməsə, istədiyi şeyi ona verməyəcək. Əgər işin tərsliyindən sahibinin qanı bir balaca qara olsa, diz çöküb, ağlaya-ağlaya, yalvara-yalvara, bıldır-bıldır göz yaşı axıda-axıda nəsə istəyən kölənin düz təpəsinin ortasına babat bir təpik vuracaq. Kölə də bir küncə çəkilib it kimi zingildəyəcək. Uzaqbaşı gücü öz taleyinə, alın yazısına lənətlər yağdırmağa çatacaq. Qərəz, hər yoldan ötən adamın cibində şəxsiyyət vəsiqəsi gəzdirməsi hec də o demək deyil ki, həmin adamın doğrudan da şəxsiyyəti var. Şəxsiyyət verilmir, şəxsiyyət alınır və özünə hörmət etməyən adama dünəndən heç kim hörmət göstərmir. Bütün bunlar çox bayağı həqiqətlərdir. Bu məsələlər barəsində qalaq-qalaq, vaqon-vaqon kitablar yazılıb.
Hərdən ciddi-ciddi fikirləşirəm ki, hakimiyyətin özü də azərbaycanlıların köləliyindən bezib. Oturub düşünürlər; görəsən biz bu camaatı, necə, daha hansı formada təhqir edək ki, özlərini tərpədib çəkdiyimiz cızıqdan ayaqların bir balaca kənara çıxartsınlar. Heç ayaqlarını çızıqdan kənara çıxarıb yerə basmaqları lazım deyil, heç olmasa cızığın hava sərhədlərini pozsunlar…
Bəlkə bu mövzuda AzLogos bir müsabiqə keçirsin. Adamlar “azərbaycanlıları hansı formada və necə təhqir etmək olar ki, onlar bir az tərpənsinlər” mövzusunda təkliflərini yazıb sayta göndərsinlər, sayt isə öz növbəsində bu təkliflərin arasından ən maraqlı, ən orjinal olanları seçib qalib elan eləsin və qalibə imkanları çərçivəsində nəsə mükafat versin.
Bu anda, bu dəmdə yazının mövzusunu bir balaca başqa istiqamətə dəyişməyin əsl vaxtıdır.
Bildiyiniz kimi Gürcüstan hökuməti vətəndaşları üç ay kommunal xərclərdən azad etmişdi. Buna baxmayaraq təxminən minə yaxın vətəndaş kommunal xərcləri ödədi. Yəni, vətəndaşlar dedilər ki, nə olsun siz bizi kommunal xərclərdən azad etmisiniz, pulumuz var, biz kommunal xərcləri ödəyəcəyik. İndi məni bir sual maraqlandırır. Görəsən eyni vəziyyət Azərbaycanda yaransaydı neçə adam konüllü surətdə kommunal xərcləri ödəyərdi. Ancaq bir şərtlə. Padşah bu barədə açıq və gizli tapşırıq verməsin.
Görəsən nə vaxt bir azərbaycanlıya beş manat verəndə, o deyəcək ki, çox sağ ol, allah səndən razı olsun, mənim ehtiyacım yoxdu, bax orda dayanan adamın daha çox ehtiyacı var, mümkünsə bu beş manatı apar ona ver?
Yazmaq da heç yaxşı çıxmır, amma vallah yazmamaq da olmur. Deməli, kasıb bildiyim, kasıb hesab elədiyim bir adama arada, imkanım olanda yüngülvari köməklik edirdim. Sonra inanın tam təsadüfən öyrəndim ki, bu adam kirayə ev verir. Kirayə ev verə-verə kirayədə yaşayan adamdan yardım qəbul edir. Yaxşı, tutaq ki, Tolstoy, İsa Peyğəmbər başımı xarab edib, sənin də həqiqi vəziyyətindən xəbərim yoxdu, elə bilirəm doğrudan da yardıma ehtiyacın var, elə bilirəm bir insan, bir adəm övladı kimi doğru addım atıram… Bütün bunları başa düşdük, bəs sən kirayə ev verə-verə kirayədə yaşayan adamdan yardımı necə, hansı prinsiplə, hansı ürəklə alırsan?
İlan vuran ala çatıdan qorxar. Ona görə də mən şəxsən bu camaatın ağlamağına, sızlamağına çox da inanmıram. Ağlaya-ağlaya dövlətdən 190 manat istəyənlərin arasında doğrudan da o pula ciddi ehtiyacı olan adamların olmamasını iddia etmirəm. Yox, bu qədər allahsız deyiləm. Sadəcə, məni bağışlayın, özümdən asılı deyil azərbaycanlıların ağlamağına, sızlamağına o qədər də inanmağım gəlmir.
2000-ci illərin əvvəlində bir qəzetdə işləyirdim. Qəzetin ofisi Nizami metrosunun yaxınlığında, bir həyət evində yerləşirdi. Həyətdə qoca, söhbətcil bir kişi yaşayırdı. Arada həyətə çıxıb siqaret zad çəkəndə o qoca kişini söhbətə tuturdum. Bəzən kişi həyətdə çay dəstgahı düzəldib məni çay içməyə, söhbət eləməyə çağırırdı. Aramızda səmimi nəvə-baba münasibəti yaranmışdı. İkinci dünya müharibəsi illərində, müharibədən sonra baş verən, özünün şəxsən gördüyü, eşitdiyi hadisələr haqqında və bu kimi digər mövzularda maraqlı söhbətlər edirdi. Bir dəfə söhbətimiz zamanı o kişi dedi ki, o vaxtlar pul dəyişəndə adamların evindən o qədər pul çıxdı ki, hamı bir–birinin bu qədər pulu necə yığmaqlarına mat qaldı. Yəni, adamlar bir-birinə mat qalıblar ki, ağlaya-ağlaya, sızlaya-sızlaya bu qədər pulu necə yığıb üstündə oturublar. Yeri gəlmişkən, o kişinin pul dəyişərkən ağlayan, sızlayan adamların evindən yastıq-yastıq pulun çıxması barədə danışdıqları tam həqiqətdir. Bu mövzuya Həsən Seyidbəyli də “Cəbhədən cəbhəyə” əsərində toxunub. Adi bir insan bu barədə danışırsa və yazıçı da əsərində bu barədə yazırsa, deməli doğrudan da belə bir şey olub.
O qoca kişinin danışdıqlarını, Həsən Seyidbəylinin “Cəbhədən cəbhəyə” əsərini qoyaq kənara, AZTV demişkən, çox da uzağa getməyək. Sizlərdən çoxunuz bir-iki il əvvəl şəhid valideynlərinin dövlətdən qan pulu almaq üçün çıxartdıqları hoqqaları yəqin ki, görmüsünüz. O nə biabirçılıq, o nə rüsvayçılıq idi elə? Gah prezident aparatının qabağında ağladılar, yalvardılar, gah parlament binasının qabağında, arxasında, sağında, solunda üz cırdılar, saç yoldular, yerlə süründülər. Arada fürsət düşmüşkən, məsələni ictimailəşdirənlərin, siyasiləşdirənlərin ünvanına söyüşlər, lənətlər, qarğışlar yağdıraraq hökümətə yaltaqlanmağı da unutmadılar. Bəli, aydın məsələdir, dövlət o pulu verməli idi. Lakin pul istəməyin, tələb etməyin də bir çəmi, bir təhəri var. Birinin təpəri çatmadı desin ki, mənim övladım torpaq uğrunda şəhid olub, pula görə müharibəyə getməyib, o pula ehtiyacım var, amma mən o pulu istəmirəm. Yaxşı, bildik, sənin oğlunun müharibəyə könüllü getməsinin, ya da yoldan tutulub zorla müharibəyə aparılmasının məsələyə dəxli yoxdu. Oğlunun necə, hansı yolla, hansı niyyətlə müharibəyə getməsi nəticəni dəyişmir. Adam doğrudan da müharibədə ölüb. Bəs müharibədə ölənin ruhunu o dərəcə biabır etmək olarmı?
Hazır olun, indi daha biabırçı bir hadisəni tirajlayacam.
Bu nə biabırçılıqdır belə? Müharibədə ölən bir insanı da belə biabır etmək olarmı? Adam belə hadisələr haqqında oxuyanda əli-ayağı yerdən-göydən üzülür. Söz tapmıram yazmağa. Doğrudan tapmıram. Həqiqətən tapmıram. Nə yazasan, hansı sözü yazasan?
***
İllər əvvəl Nadir Qafarzadə verlişlərin birində aparıcının “kitab oxuyursunuzmu” sualına belə cavab vermişdi: “Mən niyə kitab oxumalıyam. Gedək kitab oxuyanların da soyuducusuna baxın, mənim də…”
İllər keçsə də Nadir bəyə bu səmimi cavabına görə bir daha dərin minnətdarlıq, təşəkkür düşür. Sağ olsun, bəziləri kimi nala-mıxa vurmayıb, kobud həqiqəti dilə gətirib. Bu cavab barəsində şəxsən mən, dostlarım ayrı-ayrı yazılarda dəfələrlə və dəfələrlə yazıblar. Hətta bu barədə nəyə görə dəfələrlə yazmağımız bir çox adama çatmayıb, bunu təkrarçılıq, “xaltura” kimi qiymətləndirənlər də olub. Allah qoymasa, bunlar hələ güya yazı-pozu oxuyanlardır. İndi görün başqaları nə gündədirlər. Halbuki, məsələyə ciddi yanaşsaq bir qram özünə hörmət edən camaat üçün efirdə bir müğənninin belə sözlər səsləndirməsi təhqir, söyüş sayılmalı idi. Onlar yağmasalar da heç olmasa yalandan güruldamalı, səs-küy salıb, narazılıq bildirməli idilər.
İstəyirəm bir daha, növbəti dəfə, əbəs yerə bunun nə demək olduğunu izah edəm. Bilirəm xeyiri yoxdur, amma mən öz işimi yerinə yetirməkdəyəm. Deməli, muğənnini efirə dəvət edirlər. Yəni, əhvalat, hadisə hansısa restoranın kabinetində, kiminsə evində, bağında baş verməyib. Efirdə baş verib. Aparıcı efirə dəvət etdiyi muğənniyə belə bir sual verir: “Kitab oxuyursunuzmu?” Müğənni isə belə cavab verir: “Mən niyə kitab oxumalıyam. Gedək kitab oxuyanların da soyuducusuna baxın, mənim də… ”
Bu bilirsiniz nə deməkdir? Bu, rəsmən təhqirdir. Bunun başqa adı yoxdu. Buna başqa ad qoymaq mümkün deyil. Amma belə görünür bu, azərbaycanlılar üçün heç də təhqir sayılmır. Sayılsaydı üç-dörd adamdan savayı başqaları da bu barədə danışardılar, müxtəlif formalarda narazılıqlarını bildirərdilər.
Bir-iki həftə bundan əvvəl Nadir Qafarzadə növbəti dəfə ifrat səmimiyyət nümayiş etdirib. Deyib ki, ayrı vaxtlarda pozğun, əxlaqsız, üzdəniraq dediyiniz adamlardan yardım alıb onları mərd adamlar adlandırırsınız. Əslində Nadir Qafarzadə fikirlərini xeyli mədəni formada ifadə edib. Məncə o, fikirlərini tamam başqa, daha açıq, daha kobud formada ifadə etməli idi. Amma başa düşən, qanan adamlara elə mədəni formada ifadə olunan bu sözlər də bəs edir. Bəzən necə yox, nə demək vacib şərt sayılır. Əsas odur adam sözünü deyib.
Bu nə həyatdır? Bu nə cür uşaq böyütməkdir? Bu nə yaşamaqdır? Necə yeyə bilirsiniz bu sözləri? Necə həzm edə bilirsiniz bu təhqirləri? Hər şeyin bir həddi olmalıdır. Həmçinin, köləliyin, qanmazlığın, laqeydliyin, arsızlığın da…
Minnətli çörəyi itə atırsan it də yemir!
Seymur Baycan Azlogos