Avropaya gələndən bəri məni xüsusilə çox düşündürən məsələlərdən biri də tarix və respublikanın mənşəyidir. Sizə məlumdur ki, asiyalıların böyük bir hissəsi bu növ idarəçilik haqqında təssəvvürə malik deyil. Onların hətta təsəvvürləri belə yoxdur ki, yer üzündə despotizmdən başqa da hər hansı idarəçilik mümkündür.
Şarl Lui Monteskyö, “İran məktubları” əsərindən
Hosteldə yaşadığım aylarda çoxlu İran vətəndaşlarını yaxından müşahidə etmək fürsətim oldu. Onların əksəriyyəti İrandakı mövcud vəziyyətə görə çox utanırdılar. Davranışları, söhbətləri ilə elə hey göstərməyə, sübut etməyə çalışırdılar ki, vallah biz vəhşi zad deyilik, normal, mədəni insanlarıq, biz o cürə idarə olunmamalıyıq, o cürə yaşamamalıyıq, bir bəladı başımıza gəlib, heç özümüz də bilmirik necə oldu bu bəlaya tuş gəldik…
İndi İranda çox absurd vəziyyət yaranıb. Bir balaca siyasiləşmiş, bir balaca aktiv adamlar, əsasən də gənclər dindən sürətlə uzaqlaşırlar. İslam ölkəsində ateizm meydan sulamaqdadır. İran hal-hazırda ateizmin ən surətlə yayıldığı ölkələrdən biridi yazsam, heç bir şişirtməyə yol vermərəm. Bunu hosteldə yaşadığım aylarda bir, üç, beş adamdan yox, onlarla ən müxtəlif adamdan eşitmişəm. Bir, üç, beş adamdan eşitsəydim yalan, şayiə, boş söz-söhbət olduğunu düşünərdim.
İranda dindən uzaqlaşmaq, dinə qarşı əks mövqedə dayanmaq molla hakimiyyətinə qarşı ən başlıca etiraz formalarından biri sayılmaqdadır. Yəni, dindən uzaqlaşmaq artıq İranda aktiv, siyasiləşmiş adamların arasında dəb halını alıb. Necə ki, bir zamanlar sovetlərdə cins şalvar geyinmək, hər hansı formada xarici görünüşcə kütlədən seçilmək ədabazlıqdan əlavə, həm də etirazın formalarından biri sayılırdı.
İranda həmçinin xeyli sayda fürsətcil adamlar ölkədən baş götürüb xaricdə sığnacaq tapmaq üçün xristianlığı qəbul etməkdədir. Görün ifadə və vicdan azadlığının olmaması necə absurd mənzərələrin yaranmasına rəvac verir.
İran sovet hökumətinin buraxdığı səhvi buraxdı. Ölkənin daxilində neçə-neçə ağır, həlli vacib problemlər olmasına baxmayaraq molla hakimiyyəti siyasi iddialarının əsirinə çevrilib xaricə amansızcasına, sel kimi pullar axıtdı. Sovetlərdə də belə idi. Uşaqlar oynamağa futbol topu, oyuncaqlar tapmırdılar, amma sovetlər nə qədər ölkələri bəsləyirdi, məğribdən məşriqə qədər neçə-neçə ölkələrdə inqilablar törətmək istəyirdi. Özünün yolları it günündə idi, gedib hansısa afrika ölkəsində körpülər, xəstəxanalar, məktəblər, nə bilim su anbarı tikirdi, yollar çəkirdi, “kilsələr, muzeylər təmir edirdi”. Neçə-neçə ölkələri bəsləyən, neçə-neçə ölkələrdə inqilablar törətmək istəyən sovet hökumətinin mağazalarında ən adi şeylər, ən adi mallar “altdan”, tanışlıqla satılırdı. Adam həmin “altdan”, tanışlıqla satılan malların indi adını belə sadalamağa utanır. Həm də doğrudan da həmin dövrü görməyən adamlara bu malların “altdan”, tanışlıqla satılması çox absurd, absurd olduğu qədər də yalan görünə bilər.
Yaşadığım rayonda, avtovağzalın yaxınlığında bir ərzaq mağazası vardı. Ərzaq mağazasında işləyən qadın ana tərəfdən qohumumuz idi. Biz allahın qatılaşdırılmış südünü həmin mağazadan “altdan”, gizlincə alırdıq. Əgər mağzanın satıcısı qohumumuz olmasaydı, yəqin ki, qatılaşdırılmış südü tapmaqda çətinlik çəkəcəkdik. Evimiz avtovağzalın yaxınlığında yerləşirdi. Söhbəti uzatmadan, konkret desəm, mən vağzal uşağı olmuşam. Yadımdadı, bir dəfə ərzaq mağazasının yanından keçirdim. Qohumumuz olan satıcı məni gördü. Əliylə yanına çağırdı. Qulağıma dedi ki, get mamana denən “squşonnı” gətiriblər. Elə bil mağazaya gizli silah gətirmişdilər. Bilmirəm, nədənsə o ərzaq mağazası son vaxtlar yuxuma tez-tez girir. Yuxuda mağazadan qatılaşdırılmış süd alıram. Özü də beş ədəd. Yuxu o qədər canlı olur ki, ayılandan sonra bir müddət özümə gələ bilmirəm. Bəzən bütün günü yuxunun təsiri altında oluram.
Mən sadəcə o dövrün mənzərəsini yaratmaq üçün qatılaşdırılmış süd nümunəsini yazdım. Hər şey belə çətinliklə əldə edilirdi. Hələ “Raduqa” markalı rəngli televizoru hansı zülmlə tapmağımızı, hansı zülmlə almağımızı yazmıram. Bu ayrıca bir əhvalatdır…
Dövlətlər də adamlar kimi gərək ayaqlarını yorğanına görə uzatsın. Burunları girməyən yerə başlarını soxmasınlar. “Zapı”nı saatda yuz altmışla uzağı iyirmi kilometr sürmək olar. “Zapı”nı saatda yüz altmışla sürsən iyirmi birinci, ya da iyirmi beşinci kilometrdə motoru dağılar. Hələ üstəlik “Zapı”nın texniki göstəriciləri it günündədirsə, təkərləri yeyilibsə, yağı, benzini standartlardan aşağıdırsa, yəqin ki, motoru lap tez darmadağın olar. Maşından elə də başım çıxmır. Ağlıma gəldi yazdım. Məncə yaxşı metafora alındı.
Mövzumuz İranın ictimai-siyasi vəziyyəti deyil. Öz dərdimiz özümüzə bəs edər. Sadəcə, bu uzun müqəddimə ilə onu demək istəyirəm ki, əgər adamlar vətəndaşı olduqları ölkənin vəziyyətinə görə utanırlarsa, xəcalət çəkirlərsə, deməli həmin ölkədə hər hansı formada dəyişikliyin baş verməsi ehtimalı var. Maraqlıdır, görəsən nə qədər Azərbaycan vətəndaşı ölkənin ağlamalı vəziyyətinə görə utanıb, xəcalət çəkməkdədir? Hansısa bir təşkilat, qurum bunun statiskasını aparsaydı, çox mübarək bir iş görmüş olardı. Daha bir maraqlı sual var. Görəsən ölkədə keçirilən mənasız yarışlarla fəxr edənlər bu karantin günlərində nə düşünürlər, hansı hissləri keçirməkdədirlər? Onlara söz demək olmurdu, basıb adamın gözün çıxarırdılar. İndi peşmandırlarmı? Papaqlarını qabaqlarına qoyub dərin fikirlərə dalırlarmı? Əcaib mənzərə yaranıb. Siyasətlə məşğul olmaq istəməyənlərlə, siyasət özü məşğul olmağa başlayıb. Tarixdə hər zaman belə olub, belə də olacaq. Laqeydliyin, yaltaqlığın, riyakarlığın cavabı hər dövrün şərtlərinə uyğun olaraq tarix tərəfindən qat-qat ağır formada verilir.
Üslubumda, fikirlərimdə hansı dəyişikliyin baş verməsini, harda artırıb, harda gerilədiyimi müəyyən etmək üçün zaman-zaman köhnə yazılarımı, hekayələrimi oxuyuram. Elə dünən “İki qardaş” hekayəsini oxudum. “İki qardaş” hekayəsi nəşr olunanda yaxın bir dostum belə reaksiya vermişdi: “Sən nə qəddar adamsan. Niyə yazmısan o hekayəni. Oxuyanda canımı vahimə bürüdü”.
“İki qardaş” hekayəsini dünyanın düz vaxtında yazmışdım. Yəni, hekayəni yazanda neftin qiyməti düşməmişdi. Camaatımız mərmər döşənmiş, səliqəli qəbirstanlığı xatırladan parklarda asudə gəzirdilər, ölkədə keçirilən yarışlarla fəxr edirdilər və alov qüllələrinin parıltısı onların gözlərini qamışdırmaqda idi. Toyxana, meyxana yarışlarına sms-ləri dolu kimi yağdırırdılar. Ətək-ətək pul xərcləyib toya, nişana bahalı müğənnilər cağırırdılar. Toyda romantik ab-hava yaratmaq üçün kəpənək uçurdanlar da var idi. Qutularda zala kəpənəklər gətirirdilər. Qutuların ağzın açıb bəylə gəlini kəpənəyə qərq edirdilər. Daha nə hoqqalardan çıxmırdılar. İsrafçılıq, mənasızlıq baş alıb gedirdi. Əllərinə bir az pul keçmişdi, özlərini buraxmışdılar, reallıq hissini itirmişdilər, gözləri ayaqlarının altını görmürdü. Elə bilirdilər həmişə belə davam edəcək. Əbədi olaraq neftin pulu gələcək, bunlar da kef içində yaşayacaqlar. Mən və qələm yoldaşlarım etməyin, eləməyin janrında yazılar yazanda təhqirlərə məruz qalırdıq. Nələr demirdilər. Deyirdilər mövzu tapmırlar yazmağa, fərqlənmək istəyirlər, tısbağa qınından çıxdı, qınını bəyənmədi… Deyirdilər, əl çəkin məişət mövzularından, bizə romantik, ağır, intellektual yazılar yazın.
“İki qardaş” hekayəsini yazanda hələ heç böhranın əlamətləri, izi-tozu görünmürdü. Oturdum yazdım. Heç özüm də bilmirəm nə, hansı səbəb məni o hekayəni yazmağa vadar etdi. Ədəbiyyatın belə axmaq qəribəlikləri var. Nəsə yazırsan, sonra yazdığın bu və ya digər formada baş verir. Ona görə Milan Kundera deyirdi ki, yazanda ehtiyatlı olun, yazdığınız başınıza gələr. Düzdür, Milan Kundera bu sözu bir az başqa mənada, sırf müəlliflərin özlərini nəzərdə tutaraq deyib. Yəni, Milan Kundera yazıçıları xəbərdar edir ki, özünlə bağlı ağzına gələnı yazma, yazdığın başına gələ bilər. Amma yenə də, fakt ondan ibarətdir ki, ölkəyə neft pulları sel kimi axan vaxtda yazdığım “İki qardaş ” hekayəsindəki mənzərə indi Azərbaycanda yaranmaqdadır. Bu hələ jurnaldır, kino qabaqdadır.
Siyasətə qarışmayan, ictimai-siyasi proseslərə tam laqeydlik göstərən adamların “başımı aşağı salıb, balalarımı saxlayıram” arqumenti şəxsən mənə həmişə ultra-riyakarlıq təsiri bağışlayıb. Niyə? Çox sadə bir səbəbə görə. Balasını zərrə qədər istəyən, balasının bu gününü və gələcəyini zərrə qədər düşünən ata, ana balasının belə bir ölkədə yaşamasına razı olmaz.
Azlogos