"İşsiz şəxslərə birdəfəlik ödəmənin verilməsinə başlanıb. ilk olaraq 10 min işsiz şəxs üçün birdəfəlik ödəmə bank filiallarına və poçt şöbələrinə köçürülüb".
Bu sözləri Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin mətbuat xidmətinin rəhbəri Fazil Talıbov deyib.
Rəsminin sözlərinə görə, işsiz şəxslərin müraciətlərində qeyd etdikləri telefon nömrəsinə onlara SMS göndəriləcək.
"Yalnız bu mesajı aldıqdan sonra işsiz şəxslər evdən çıxmaq üçün müvafiq qaydada icazə alaraq, SMS-də “Azərpoçt” MMC qeyd edilibsə istənilən poçt şöbəsinə, SMS-də bank göstərildiyi halda isə həmin bankın istənilən filialına şəxsiyyət vəsiqəsi ilə müraciət edib vəsaitlərini ala bilərlər.
Ödəmələrin verilməsi gündəlik davam edəcək və qeydiyyata alınan digər işsiz şəxslər də bu ödənişlə təmin ediləcəklər", - deyə nazirlik rəsmisi bildirib.