Azərbaycan Macarıstana 10000 maska göndərib. Bu barədə "Dailynews Hungary" saytı xəbər yayıb.
Məlumata görə, bu barədə Macarıstanın xarici işlər naziri Peter Szijjártó Facebook hesabında yazıb. O bildirib ki, Azərbaycan hökuməti Macarıstanın Bakıdakı səfirliyi vasitəsilə 10000 tibbi maska göndərib.
İctimai fəal Bəxtiyar Hacıyev məsələyə sosial şəbəkədə münasibət bildirib: "Camaat apteklərdə maska tapmır, evlərdə 50-100 maska tikirlər ki, qıtlıq aradan qalxsın, Azərbaycan hakimiyyəti Avropa İttifaqı üzvü olan Macarıstana 10000 maska hədiyyə edib. Bu, hələ Macarıstan mediasında çıxan xəbərdir. Digər ölkələrə göndərdiklərindən xəbərimiz yoxdur.
Dünyanın supergücü ABŞ-ın prezidenti Tramp bir çox qoruyucu vasitə (əlcək, maska və s), ventilyatorları 240 000+ yoluxma olan ölkəsində ştatlara paylamır ki, çətin günlər qabaqdadır, qarşıdakı günlərdə ehtiyac çox olan ştatlara paylanacaq, 400 yoluxma olan Azərbaycan 585 yoluxma olan Macarıstana maska yollayır.
Sonra da maskasız gəzənləri polis cərimələyir, bəzi jurnalistlərlər də əlində mikrofon camaatın dalınca qaçır ki, niyə maskasız gəzirsiniz?"