Mübariz Mənsimov Türkiyədə həbs edilib - Niyə?

Mübariz Mənsimov Türkiyədə həbs edilib - Niyə?
15 Mart 2020
Mətni dəyiş

Türkiyədə yaşayan azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbulda həbs olunub. 

Bu barədə Sözcü qəzeti xəbər yayıb. Məlumata görə, İstanbul Baş Prokurorluğunun qərarı ilə "Palmali" Şirkətlər Qrupunun rəhbəri Mübariz Mənsimov həbs edilib və onun yaşadığı evlərdə axtarış aparılır. İş adamının köməkçisi Fidan Quliyeva məlumatı təsdiqləyib. O bildirib ki, polis hazırda iş adamının İstanbuldakı ofisində axtarış aparır. Mətbuatda yayılan xəbərə görə, polis Mübariz Mənsimovu Fətullah Gülənlə bağlı aparılan istintaq çərçivəsində saxlayıb. Mübariz Mənsimov son illər SOCAR-ın prezidenti Rövnəq Abdullayevi və bir sıra yüksək vəzifəli azərbaycanlı məmurları sərt tənqid edirdi. "Palmali Şirkətlər Qrupu" Mənsimovun saxlanılması ilə bağlı açıqlama yayıb. İş adamının köməkçisi Fidan Quliyeva sosial şəbəkədə yaydığı məlumatda Mənsimovun ətrafında yaranmış son vəziyyətin tezliklə qanun çərçivəsində öz həllini tapacağını qeyd edib: "'Palmali Şirkətlər Qrupu'nun prezidenti Mübariz Mənsimovun uydurma ittihamlarla saxlanması ilə əlaqədar son günlər baş verən hadisələr hər birimizi məyus edir. Şirkətimizə bununla bağlı saysız-hesabsız dəstək xarakterli zənglər daxil olur, sosial şəbəkələrdə yazılar yazılır. Bütün bunlara görə sizin hər birinizə dərindən minnətdarıq və insanların narahatlığını başa düşürük". Milyarderin köməkçisi bildirib ki, Türkiyə Respublikası hər şeydən əvvəl hüquqi dövlətdir. "Əminik ki, burada qanunlar işləyir və yalnız qanunlara tabe olmaq hər bir vətəndaşın müqəddəs borcudur. Bu səbəbdən ümid edirik ki, Mübariz Mənsimov ətrafında yaranmış son vəziyyət tezliklə qanun çərçivəsində öz həllini tapacaq". Mənsimovun özü həbsinə qədər bir neçə dəfə müsahibələrində, açıqlamalarında FETÖ ilə əlaqələrinin olduğunu rədd edib və əksinə onlara qarşı mübarizə apardığını bildirirdi. Mübariz Mənsimov kimdir?  Mübariz Mənsimov 1968-ci il martın 22-də Bakı şəhərində anadan olub. Valideynləri əslən Masallı rayonundandır. O, atasının istəyi ilə Bakıda hərbi məktəbə daxil olub. Burada təhsilini başa vurduqdan sonra ali təhsilə də yiyələnib. Sonra sovet ordusunda hərbi xidmətdə olub. Əsgərlik həyatından sonra 1,6 il gəmilərdə aşpazlıq edib. Daha sonra 3 yoldaşı ilə birlikdə 150 tonluq balıqçı gəmisi kirayəyə götürüb. Rusiyadan gəmi alıb və İstanbula gətirib. Beləliklə də bu sahədə ilk addımlarını atıb. Hazırda dünyanın ən böyük 5 dənizçilik şirkətindən biri olaraq göstərilən və illik dövriyyəsi 3 milyard dollar olan "Palmali" Şirkətlər Qrupunu 1998-ci ildə Türkiyəyə gətirib. Bu şirkətin hazırda 21 ölkədə ofisi var. Şirkətin tabeliyində 28 min nəfər təkcə dənizçilik sektorunda çalışır. Qrupun fəaliyyət sahəsindəki digər şirkətlər də hesaba qatılanda işləyənlərin sayı 45 mini keçir. "Palmali" 129 gəmisi ilə Aralıq dənizi, Ağ dəniz, Qara Dəniz arasında Rusiya neftinin 75 faizini daşıyır. Şirkətin ən böyük müştərisi dünyaca məşhur olan "BP" şirkətidir. Şirkətlər Qrupunun kirayəyə götürülən gəmilərlə isə donanma sayı 220-ni ötür. Mübariz Mənsimov xüsusi olaraq Türkiyəli gəmi sahibiləriylə işləməyə üstünlük verir. 2005-ci ildə onun kirayəyə götürdüyü gəmi sayı 20 olub, indi isə bu rəqəm 60-a çatır. Onun 99 faizinə sahib olduğu "Palmali" Şirkətlər Qrupunun dənizçilik şirkəti 1,5 milyard dollaradək varidata malikdir. Ancaq buna qarşılıq 50 faiz nisbətində maliyyə borcu var. "Palmali"nin ayrıca Rostovda öz adına işlətdiyi və Azərbaycanda inşası davam edən bir daha bir limanı Bakıdakı sərmayələri üçün tikilir. Dövlət Neft Şirkəti ilə ortaq olan "Palmali" bir müddət əvvəl "Tekfen inşaat"ın 50 faiz hissəsini 520 milyon dollara satın alıb. Türkiyə mətbuatı yazır ki, cənab Mənsimovun bu cəhdi onun qardaş ölkədə inşaat sahəsində irəliləmək mənasını verir. Bu razılaşma qarşılığında "Palmali" və "SOCAR" ortaqlığının 5 il ərzində "Tekfen İnşaat"a 37 milyard dollarlıq iş verəcəyi bildirilirdi.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun