Martın 29-da Dövlət Sərhəd Xidmətinin rəisi general-polkovnik Elçin Quliyev və fövqəladə hallar naziri general-polkovnik Kamaləddin Heydərov Rusiyadan avtomobil yolu ilə ölkəyə gələrək zəruri sanitar-karantin tədbirlərinə cəlb olunmuş vətəndaşlarla görüşmək məqsədilə həmin ərazidə olublar.
Bu barədə DSX rəsmi açıqlama yayıb. Məlumatda deyilir ki, səfər prezident İlham Əliyevin tapşırığına əsasən baş tutub. Açıqlamada deyilir ki, karantin şəraitində saxlanılan vətəndaşlarla görüş zamanı koronavirus infeksiyasının yayılmasına qarşı mübarizə məqsədilə həyata keçirilən qabaqlayıcı tədbirlər haqqında məlumat verilib.
"Əhalinin sağlamlığının qorunması üçün bu tədbirlərin əhəmiyyəti və karantin rejiminin tələblərinə ciddi riayət edilməsinin vacibliyi izah olunub", deyə məlumatda qeyd edilib.
Bildirilir ki, vətəndaşların karantində qalma şəraitlərinə və qidalanma vəziyyətinə baxış keçirilib, üzləşdikləri problemlərlə maraqlanılıb, xahiş və müraciətləri dinlənilib, qaldırılan məsələlərin qısa müddətdə öz həllini tapması üçün tədbirlər görülüb.
"Karantin şəraitində yerləşdiriləcək şəxslər üçün əlavə ayrılmış yerlər və oradakı şərait öyrənilib, vətəndaşların və şəxsi heyətin təhlükəsizliyinin təmin edilməsi və sağlamlıqlarının qorunması üçün görülmüş işlər nəzərdən keçirilib, zəruri göstərişlər verilib", - deyə açıqlamada deyilir.
Azərbaycanda 24 mart 00:00-dan etibarən 20 aprel saat 00:00-dək xüsusi karantin rejimi elan edilib. Bu barədə Nazirlər Kabineti martın 23-də qərar qəbul edib.
Koronavirusla mümarizə tədbirləri çərçivəsində qəbul edilən qərarda deyilir ki, ictimai yerlərdə, o cümlədən küçələrdə, bulvarlarda, parklarda və sair yerlərdə şəxslərin 10 nəfərdən artıq qruplarda cəmləşməsi qadağan edilir.
Həmçinin, dövlət insanlara tövsiyyə edir ki, vətəndaşlar təmasda olarkən 2 metrlik məsafə saxlanılsın.
İndi belə bir sual yaranır, iki general-polkovnik, bir nazir, bir xidmət rəisi Nazirlər Kabinetinin xüsusi rejimlə bağlı qərarına niyə riayət etməyiblər? Rəsmi açıqlamada görüşdən fotolar da yayımlanıb. Şəkillərdən görünür ki, görüşdə vətəndaşlar kütləvi şəkildə bir yerə toplanıb, sosial məsafə saxlanılmayıb və yüksək vəzifəli dövlət rəsmiləri onlarla bu şəraitdə görüş keçiriblər.