"Artıq 6-cı ildir ölkədən çıxışıma qadağa davam edir, qondarma bir cinayət işi ilə. Cavab da budur ki, cinayət təqibi davam edir. Cinayətkar özləridir".
Bu sözləri Abzas-a jurnalist, publisist Şahvələd Namazov (Çobanoğlu) bildirib. Onun sözlərinə görə, axırıncı dəfə xaricə müayinə və müalicə üçün gedib.
Ş.Çobanoğlu bildirib ki, üstündən illər keçib, sağalmaz heç bir xəstəliyi yoxdur, amma sağlıq problemləri var, ona görə ölkədən çıxışına qadağanın götürülməsini tələb edir.
Jurnalist bildirir ki, hər ay onun vəkili Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinə məktub ünvanlayır, onların müraciətinə isə eyni cavablar verilir:
"Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsi şablon cavablar verir"
"Hər dəfə də yazırlar ki, məktub cinayət işinə əlavə olundu və vəkilə əlavə məlumat veriləcək. Ancaq heç vaxt əlavə məlumat verilmir. Belə başa düşürəm ki, cavab məktubu şablondur, kimsə sənədin tarixini dəyişib göndərir".
O, son illərdə Baş Prokurorluğa məktublar göndərdiyini və məhkəməyə şikayətlər etdiyini söyləyib:
"Amma şikayətlər təmin olunmayıb. Mənə ölkəmdə olmaq çox xoşdur və buradan heç yerə getmək niyyətim də yoxdur. Amma ölkədən çıxışıma qoyulan qadağa hüquqlarımın tapdanmasıdır".
Şahvələd Çobanoğlu 2014-cü ildən xaricdə müalicə kursu keçdiyini qeyd edərək bildirib ki, onun ölkədən çıxışına qoyulan qadağa müalicəsini dayandırıb:
"Mənim təməl hüququma qadağa qoyulmasına heç bir əsas yoxdur"
"Övladlarımın təhsili ilə bağlı bir sıra problemlər yaşanır ki, xaricə getmək lazım olur, amma gedə bilmirəm. Bu günlərdə yaxın dostum, həmkarım Rövşən Hacıbəylini həyat yoldaşını müayinə və müalicə üçün Ankaraya yola saldıq.
Mən dostumu tək qoymazdım, onunla gedərdim. Amma gedə bilmədiyimə görə çox məyus oldum. Ehtiyacım olmasa belə, niyə hüquqlarım tapdanmalıdır, nə üçün qadağa olmalıdır? Mənim təməl hüququma qadağa qoyulmasına heç bir əsas yoxdur".
Jurnalistin vəkili Zibeydə Sadıqova qadağanın qoyulması üçün qanuni əsasların olmadığını bildirib.
Vəkili Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi, istintaq qrupunun rəhbəri Eldar Əhmədova qadağanın aradan qaldırılması ilə bağlı müraciət etdiyini bildirib.
Sorğuya cavab olaraq Eldar Əhmədov vəkilə yazılı şəkildə bildirib ki, “hüquqlarını müdafiə etdiyiniz Şahvələd Namazovun ölkədən çıxışına qoyulan qadağanın götürülməsi ilə bağlı Baş Prokurorluğa ünvanladığınız 15.11.2019-cu il tarixli təkrar müraciətiniz Baş Prokurorluğun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsində ibtidai istintaqı aparılan 142006023 nömrəli cinayət işinin materiallarına əlavə edilməklə baxılmış, nəticəsi barədə əlavə məlumat veriləcək".
Hazırda bir sıra vəkillər və jurnalistlər ölkədən çıxanda və ölkəyə qayıdanda sərhəd məntəqəsində yoxlamaya məruz qalırlar. Bu barədə vəkillər Fuad Ağayev, Elçin Sadıqov, Cavad Cavadov, jurnalistlər Aynur Elgünəş, Mehman Əliyev, Sevinc Vaqifqızı və digərləri dəfələrlə müvafiq orqanlar qarşısında məsələ qaldırsalar da, münasibət dəyişməz olaraq qalır.
Eyni zamanda, jurnalistlərdən Xədicə İsmayılın ölkədən çıxışına qadağa götürülməyib.
2015-ci ilin fevralın 24-də köşə yazarı Şahvələd Çobanoğlu Bakı Ağır Cinayətlərə Dair İstintaq İdarəsində ifadə verib. Dindirilmə "AzadlıqRadiosu"nun və "Fərqli düşüncə" dərgisi işi çərçivəsində olub.
Ş.Çobanoğlu tənqidçi jurnalistdir. Müxtəlif vaxtlarda "7 gün", "Azərbaycan" qəzetlərinin müxbiri, "Hürriyyət", "Günaydın" qəzetlərinin baş redaktoru işləyib, "Azadlıq" qəzetində köşə yazıb və başqa media orqanlarında çalışıb.
Baş Prokurorluğunun Ağır Cinayətlərə Dair İşlər Üzrə İstintaq İdarəsinin rəisi E.Əhmədovun cavabı: