2017-ci ilin mayında Gürcüstanda oğurlanan və Azərbaycanda həbsxanaya salınan azərbaycanlı jurnalist Əfqan Muxtarlı martın 17-də gözlənilmədən azadlığa buraxılıb.
Müstəqil “Meydan TV” internet telviziyasına müsahibəsində Muxtarlı oğurlanmasının təfərrüatları haqda danışıb.
Əfqan Muxtarlı 2017-ci il mayın 29-da Tbilisidə yoxa çıxıb.
O, 2015-ci ildən həyat yoldaşı jurnalist Leyla Mustafayeva və kiçik qızı ilə birlikdə Azərbaycan hakimiyyətinin təqibindən xilas olmaq üçün Gürcüstan paytaxtında yaşayırdı.
Yoxa çıxdığının səhəri günü bəlli olub ki, Muxtarlı Bakıdadır və sərhədi qanunsuz keçməkdə, qaçaqmalçılıqda, sərhədçilərə müqavimət göstərməkdə günahlandırılır. Jurnalistin özü o vaxt bildirmişdi ki, onu Tbilisinin mərkəzindən oğurlayıblar.
Daha sonra o, altı il müddətinə azadlıqdan məhrum edildi.
2020-ci il martın 17-də Muxtarlı gözlənilmədən azad edilib və dərhal Almaniyaya göndərilib. Azərbaycanı tərk edərkən ona doğmaları ilə vidalaşmağa da imkan verməyiblər.
Jurnalistin özü bildirir ki, hakimiyyət onun haqqında sadəcə qətimkan tədbirini dəyişib – həbsxananı ölkədən sürgünlə əvəz ediblər.
“Azərbaycanda olanda da hakim ailənin korrupsiya əməlləri ilə bağlı araşdırma aparmışam. Silahlı qüvvələrdə olan yeyintilər barədə, müxtəlif nazirliklərin tenderlərilə bağlı, rayonlarda baş verən tenderlərdəki korrupsiya ilə bağlı. Gürcüstanda yaşayarkən də mənim əsas fəaliyyətim araşdırma jurnalistikası ilə bağlı olub. Azərbaycan hakimiyyətinin Azərbaycan xalqından oğurladığı pulları Gürcüstana investisiya şəklində yatırması ilə bağlı silsilə araşdırma yazılar yazmışam”, – Muxtarlı deyir.
Onun sözlərinə görə, bu məqalələr həm Azərbaycan, həm də Gürcüstan hakimiyyətini narahat edib.
O bildirir ki, Gürcüstan hakimiyyətinin onu Azərbaycana təhvil verəcəyini gözləyirmiş, amma bunun məhkəmə yolu ilə ediləcəyini düşünürmüş.
Muxtarlının fikrincə, Azərbaycanda böyük ehtimalla düşünüblər ki, Gürcüstanda məhkəmə sistemi hələ tam olaraq hakimiyyətin təsiri altına keçməyib və buna görə də məsələni başqa yolla həll ediblər.
“Mənimlə görüşən Azərbaycanın yüksək vəzifəli bir neçə məmuru da Gürcüstan tərəfinə üç milyon dollardan artıq vəsait rüşvət verildiyini bildirmişdilər. Və onlar bu kontekstdə deyirdilər ki, guya Milli Təhlükəsizlik Nazirliyinin köhnə rəhbərliyi bunu həyata keçirib.
…Amma istənilən halda bu, Azərbaycan hakimiyyəti tərəfindən hazırlanan hadisədir. Bu cür qərarları hansısa nazir yox, birbaşa İlham Əliyev özü verir”.
Onun sözlərinə görə, 2017-ci il mayın 29-da o, kafedən çıxıb və evinə yollanıb. Evə çatmağa 60-70 metr qalmış qarşısını maşın kəsib və üç nəfər ona hücum edib.
“Birinci dəfə bir qədər müqavimət göstərdim. Üç nəfər adam məni maşına otuzdura bilmirdi. Sonra onların üzərində adətən Gürcüstanın kriminal polisinin geyindiyi formanı gördüm. …Hesab elədim ki, onlar məni polis idarəsinə aparacaqlar, uzaqbaşı məhkəməyə çıxaracaqlar. Mən nə Azərbaycanda, nə Gürcüstanda heç bir cinayət törətmədiyimə görə arxayın idim ki, Gürcüstan məhkəməsi məni azadlığa buraxacaq.
Mən gözləmirdim ki, məni oğurlayıb Azərbaycana təhvil verəcəklər. Buna görə özüm könüllü şəkildə maşına oturdum”.
Beynəlxalq hüquq müdafiə təşkilatları Əfqan Muxtarlını vicdan məhbusu hesab edir.
2017-ci ilin iyununda Avropa Parlamenti Azərbaycan hakimiyyətini jurnalisti dərhal azad etməyə və onun üzərindən bütün ittihamları götürməyə çağırmışdı.