Noyabrın 10-da Qarabağda hərbi əməliyyatların bitməsi və atəşkəs barədə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin imzaladıqları birgə bəyanatın bir sıra perspektivləri ehtiva etdiyi bildirilir. Belə ki, bəyanatın 9-cu bəndinə əsasən, bölgədəki bütün iqtisadi və nəqliyyat əlaqələri bərpa ediləcək.
Sənəddə o da qeyd edilir ki, Naxçıvan Muxtar Respublikası ilə Azərbaycanın qərb rayonlarını birləşdirən yeni nəqliyyat kommunikasiyalarının inşası təmin ediləcək.
"Toplum Tv"yə danışan iqtisadçı ekspert Toğrul Vəliyev bu dəhlizin Naxçıvanın iqtisadi həyatına bir neçə istiqamətdə təsir göstərəcəyini deyib: "Birincisi, Naxçıvanın Azərbaycanın digər hissələri ilə iqtisadi əlaqələri sürətlənəcək və ölkədaxili satış imkanları artacaq, çünki kifayət qədər məsafə azalacaq. Eyni zamanda, birbaşa dəhliz olduğu üçün daha effektiv və daha rahat olacaq. Eyni zamanda Naxçıvandan Bakıya çatdırılan travertin, mərmər, gips, Badamlı və Sirab kimi məşhur təbii mineral sular, duz, müxtəlif növ kənd təsərrüfatı, o cümlədən meyvə-tərəvəz məhsulları da İran ərazisindən keçməklə Bakıya çatırdı. Bu, hər bir halda xərcləri artırırdı. İndi isə bu məhsullar daha tez çatacaq, hətta dəmiryol istifadəyə verilsə, daha da effektiv olacaq".
[caption id="attachment_41325" align="aligncenter" width="1200"] Toğrul Maşallı[/caption]
"Həmçinin nəqliyyat, sərnişindaşınma intensivləşəcək və insanlar artıq daha rahat gedib-gələ biləcəklər. Burdakı məsələ ondan ibarətdir ki, artıq hökumət bir dotasiyadan imtina etmək imkanı əldə edəcək. Bu günə kimi Naxçıvan-Bakı və Bakı-Naxçıvan reysi üzrə işləyən avtobuslar İran ərazisindən keçməklə, 8-12 saat ərzində ümumilikdə 581,13 kilometr məsafə qət etməli olurdular. Biletin bir istiqamətdə qiyməti isə 25 AZN təşkil edirdi. İndi isə onlar istər qatar, istərsə də avtobusla daha rahat və tez, üstəlik, ucuz qiymətə çatacaqlar", - iqtisadçı bildirib.
Onun sözlərinə görə, büdcədən dotasiyaya ayrıldıqdan sonra Naxçıvan iqtisadiyyatının inkişafı üçün şərait yaranacaq: "Amma bu o demək deyil ki, asılılıq tamamilə bitəcək. Çünki hələ infrastruktur yoxdur. Bizdə elektrik enerji özü-özünü təmin edir. Amma qaz məsələsi və s. var ki, bunun tam təmin olunması çətin olacaq. Bir sıra sahələr dotasiya olunacaq. Lakin bu dotasiyaların məhz birbaşa hansı sahələri əhatə edəcəyi konkretləşə bilər. İqtisadi məşğulluq məsələsinə gəldikdə isə yeni iş yerləri yaranacaq, çünki nəqliyyat sahəsi daha da inkişaf edəcək. Bu da yeni iş yerlərinin açılmasına gətirib çıxaracaq. İndiki məqamda Azərbaycanın əsas hissə ilə Naxçıvan arasında ticarətdən İran qazanırdısa, artıq Qarabağın işğaldan azad olmuş torpaqlarından bir hissəsi və Naxçıvan qazanacaq".
Siyasi şərhçi Nahid Cəfərov isə açılacaq dəhlizin Naxçıvanın siyasi həyatına ciddi bir təsirin edəcəyini düşünmür: "Bu dəhlizdən istifadə Rusiya, Azərbaycan (o cümlədən Naxçıvan) və eyni zamanda Ermənistan rəhbərliyinin birbaşa nəzarətində olacaq. Siyasi sistemdəki dəyişiklik çox zaman iqtisadi əsaslardan doğur. İqtisadiyyat inkişaf edir, yeni sinif meydana gəlir və bu sinif də siyasi azadlıq üçün mübarizə aparır və bunu əldə edir. Amma Naxçıvanda və Azərbaycanda iqtisadiyyatın tam inhisara alındığını nəzərə alsaq, açılacaq dəhlizin ciddi bir təsiri olacağını düşünmürəm. Sadəcə monopolistlər əvvəl İrandan keçməklə daşınmalar həyata keçirirdilər, indi isə bunu Rusiyanın nəzarəti ilə edəcəklər. Mən düşünmürəm ki, bu, Azərbaycanın üzərindəki dotasiya yükünü azaltsın. Bizdə dövlət büdcəsindən ayrılan dotasiyalar çox zaman ehtiyacdan deyil, büdcədən oğurluq səbəbindən ayrılır. Dövlətdən ayrılan dotasiyalar dövlət üçün problem olsaydı, Naxçıvanda iqtisadiyyatın inkişafına çalışılardı. Lakin bu gün Naxçıvanda yaşayan sakinlərin böyük əksəriyyətinin gəlirləri Türkiyədə yaşayan ailə üzvlərinin göndərdikləri qazanc hesabına qarşılanır".
Siyasi şərhçi deyir ki, dəhliz Rusiyanın birbaşa nəzarətindədir: "Mən inanmıram ki, bunun İran üzərindən həyata keçirilən kommunikasiyadan ciddi bir fərqi olsun. Siyasi həyata gəldikdə isə bu, blokada ilə bağlı ola bilər, amma daxili faktorla yox. Məsələn, Vasif Talıbovun saysız-hesabsız korrupsiya əməlləri onun vəzifədən uzaqlaşdırılması üçün kifayət qədər əsas verdiyi halda bu, baş vermirsə, bir dəhlizin çəkilməsindən sonra bunun həyata keçəcəyini düşünmürəm. Əlbəttə, hər zaman hər şey ola bilər. Bu gün köhnə kadrlar yeni texnokratlarla əvəzlənir. Bu sabah Naxçıvanda da baş verə bilər, amma bunu hansısa dəhlizlə əlaqələndirmək, məncə, doğru olmaz".