Koronavirusa yoluxma sayı təkcə Azərbaycanda deyil, bütün dünyada kəskin şəkildə artıb. Bizim hökumət tərəfindən kifayət qədər lazımi tədbirlər, işlər görülsə də, vəziyyət çıxılmaz hal almağa başlayıb.
Bu barədə Modern.az-a danışan Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vahid Əhmədov deyib ki, hazırda ən vacib məsələ insanların sağlamlığıdır.
Deputat qeyd edib ki, təkcə Bakıda, Sumqayıtda deyil, rayonların çoxunda yoluxmada artım müşahidə edilir:
“Krantin rejiminə nəzarət gücləndirilib. İnsanların 99 faizi maskadan istifadə edir. Amma yoluxma azalmır. Vəziyyətdən çıxış yolu kimi xəstələrin müayinə və müalicəsini, testdən keçirilməsini mərkəzləşdirilmiş qaydada aparmaq lazımdır ki, insanlar arada qalmasın. İnsanların 100 manat ödəyib testdən keçməsi, daha sonra müalicə almaları üçün vəsaitləri yoxdur. Hələ elə insanlar var ki, təkrar testdən keçmək lazım gəlir. Bu insanlara güzəşt edilməlidir.
Doğrudur, ölkə olaraq, xərclərimiz artıb, Vətən Müharibəsində şəhid olanların ailələri, qazilərimiz var, o cümlədən işğaldan azad edilmiş ərazilərdə bərpa işlərinə böyük vəsaitlər lazımdır. Amma hazırda insan sağlamlığının qorunması daha önəmlidir. Bu baxımdan da koronavirusla mübarizə aparan insanlarımıza dərmanların alınması, test edilməsində güzəşt vacibdir”.
Parlamentari deyib ki, testin qiymətinə yenidən baxılmalıdır:
“Ölk rəhbərinin təşəbbüsü ilə yaradılan Koronavirusla Mübarizə Fonduna yığılan vəsaitdən testlərin alınmasına, ölkəyə gətirilməsinə və əhalinin daha əlçatan qiymətə analiz verməsinə şərait yaradılmalıdır.100 manat bir vətəndaş üçün kifayət qədər bahadır. Yaxşı olar ki, test üçün vahid qiymət 20-30 manat müəyyən olunsun. Düşünürəm ki, Nazirlər Kabineti yanında Operativ Qərargah məsələyə qısa zamanda baxmalıdır”.