Türkiyə koronavirus peyvəndinin tətbiqinə başlayacaq.
Dekabrın 9-da keçirilən brifinqdə Türkiyənin səhiyyə naziri Fəxrəddin Qoca belə deyib.
O bildirib ki, bu ayın sonundan etibarən COVID-19 virusuna qarşı peyvəndin vurulmasına başlanılacaq.
Nazirin sözlərinə görə, ilk olaraq tibb işçilərinə vurulacaq peyvəndlər qarşıdakı 3-4 gün ərzində Çindən Türkiyəyə gətiriləcək.
Nazir bildirib ki, peyvənd vurulan şəxslərin adı sistemdə qeyd olunacaq.
İlk mərhələdə məcburi olmayacağını deyən nazir peyvəndlərin 18 yaşdan aşağı şəxslərə və hamilə qadınlara vurulmayacağını bildirib.
Nazir deyib ki, peyvənd ödənişsiz olaraq 14-21 gün aralıqla iki doza halında vurulacaq.
Türkiyədə son 24 saatda 204 min 411 COVID-19 testi edilib, 31 min 712 nəfərdə virus aşkarlanıb.
Nəticəsi müsbət çıxmış 217 nəfər isə vəfat edib.