ABŞ prezidenti Donald Tramp 3 noyabr seçki günündən bəri öz kampaniyası və siyasi hərəkət komitəsi üçün 150 milyon dollardan çox vəsait toplayıb.
Bu barədə məlumatlar ABŞ mediasında yayılıb.
Media xəbərlərində deyilir ki, pul bütün noyabr ayı ərzində, Trampın öz tərəfdarlarına aqressiv çağırışlar etdiyi və seçki fırıldağı barədə əsəslandırılmamış iddialar irəli sürdüyü vaxtda toplanıb.
The New York Times qəzeti noyabrın 30-da yazıb ki, Tramp noyabr ayı ərzində onun kampaniyasına inanələr verilməsi üçün çağırışlar edib.
The Washington Post bundan əvvəl yazırdı ki, Tramp azı 150 milyon dollar toplayıb.
Qəzetlər məqalələrində ianələrin verilməsi prosesi ilə tanış olan, amma adlarının çəkilməsini istiməyən mənbələrə istinad ediblər.
The Washington Post yazır ki, Tramp kampaniyasının sözçüsü Tim Mertaxəbərlərlə bağlı şərh verməkdən imtina edib.
Seçkidən sonra yığılan pul seçki kampaniyasında yığılandan çoxdur
Xəbər verilir ki, sözü gedən vəsaitin əksər hissəsi seçkidən sonrakı ilk həftədə yığılıb.
The New York Times yazır ki, bu pulun 75 faizi Amerikanı Xilas Edək adlı yeni siyasi hərəkət kampaniyasına veriləcək. Bu puldan Trampın gələcək siyasi fəaliyyətinin maliyyələşdirilməsi üçün istifadə oluna bilər.
Yerdə qalan 25 faizin Respublikaçıların Milli Komitəsinə çatacağı deyilir.
The New York Times yazır ki, seçkisonrası toplanmış ianə seçki kampaniyasının şıdırğı vaxtında yığılan pullardan çoxdur.
Tramp kampaniyasının rəsmiləri Washington Post qəzetinə deyiblər ki, ianələr kiçik məbləğlərlə Trampa sadiq elektorat nümayəndələri tərəfindən verilib.
Tramp seçki kollegiyası səslərinin, habelə seçici sələrinin sayına görə demokrat rəqibi Co Baydendən xeyri geridədir.
Lakin o məğlubiyyətini qəbul etmir, seçki fırıldaqları haqqında əsaslandırılmamış ittihamlar irəli sürür.
Buna baxmayaraq Baydenin keçid komandası artıq hakimiyyətin qəbul edilməsi prosesinə başlayıb.