Azərbaycanın Tovuz rayonu ilə sərhəddə yerləşən Ermənistanın Tavuş rayonunun Berdavan kəndində Azərbaycan vətəndaşının tutulduğu deyilir.
Bu haqda Ermənistan MTN-nin mətbuat xidməti açıqlama yayıb. Məlumata görə, azərbaycanlını Ermənistan milli təhlükəsizlik nazirliyinin əməkdaşları aparıblar. Onun sərhəddi hansı şəraitdə keçdiyi hələlik məlum deyil.
Ermənistanın tərəfinin rəsmi məlumatında faktla bağlı sərhəddi qanunsuz keçmə maddəsi ilə cinayət işi qaldırıldığı bildirilir.
Berdavan kəndinin yerli icra orqanının sədri Smbat Muqdasyan news.am saytına açıqlamasında deyib ki, azərbaycanlı dekabrın 9-dan 10-na keçən gecə 4-5 radələrində kəndin çörək sexi ətrafında görünüb: "Milli Təhlükəsizlik İdarəsinin əməkdaşları onu apardılar, bundan başqa heç nə bilmirəm".
Son Qarabağ müharibəsindən sonra Qarabağətrafı rayonlarla həmsərhədd olan ərazilər Azərbaycanın nəzarətinə keçdikdən sonra erməni mətbuatı sərhədyanı erməni kəndlərində tez-tez azərbaycanlıların göründüyünü yazır.