Sülhməramlılar Qarabağda "Uran-6" robot kompleksinin istifadəsinə başladılar

Sülhməramlılar Qarabağda "Uran-6" robot kompleksinin istifadəsinə başladılar
7 Dekabr 2020
Mətni dəyiş

Dağlıq Qarabağda ilk dəfə olaraq ərazinin partlamamış hərbi sursatlardan və partlayıcı maddələrdən təmizlənməsi üçün çoxfunksiyalı "Uran-6" robot kompleksi cəlb edilib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, nazirliyin Beynəlxalq Ərazilərinin Minalardan Təmizlənməsi Mərkəzinin hərbi qulluqçuları robot vasitəsiylə Xocalı qəsəbəsində 8 hektara yaxın ərazini təmizləyib.

Nazirliyik bildirib ki, uzaqdan idarə olunan robot sistemləri minaların təmizlənməsi zamanı işçilərin təhlükəsizliyini təmin edərək daha geniş ərazidə mina təmizləmə işləri aparmağa imkan verir.

Məlumata görə, "Uran-6" robot kompleksi 800 metrə qədər məsafədən idarə edilə bilər.

"Cihaz hər tərəfli görünüş təmin edən 4 yüksək keyfiyyətli video kameraya malikdir.

"Uran-6" kompleksinin istismarı zamanı yerdə basdırılmış mina və ya hərbi sursat tətikləmə vasitəsiylə və ya fiziki məhv etmə ilə zərərsizləşdirilir",- Rusiya Müdafiə Nazirliyi açıqlamasında belə bildirib.

Bundan başqa Rusiya sülhməramlıları Şuşa ətrafındakı yol boyunca 4,8 hektar ərazini və 2,5 km uzunluğunda yolu minalardan təmizləyib.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə, ötən gün əraziləri minalardan və partlamamış hərbi sursatlardan təmizləyən zaman 35 partlayıcı obyekt aşkar edilərək məhv edilib.

Nazirlik bəyan edib ki, bu günə kimi ümumilikdə, Dağlıq Qarabağdakı sülhməramlılar təxminən 50 hektar ərazini, 17 km yolu hərbi vasitələrdən təmizləyib və təxminən 1150 partlayıcı maddə aşkar edərək zərərsizləşdirib.

Həmçinin bildirilir ki, minalar və ya partlamamış döyüş sursatları xüsusi poliqonlarda məhv edilir, amma daşınması təhlükəli olan sursatlar təhlükəsizlik tədbirləri görüldükdən sonra yerindəcə məhv edilir.

Rusiya, Azərbaycan və Ermənistan rəhbərləri arasında noyabrın 10-da imzalanan üçtərəfli razılaşmaya görə həmin gün Qarabağda gedən hərbi əməliyyatlar dayandırılıb.

Atəşkəs sazişindən sonra tərəflər müharibədən sonra gəldikləri coğrafi mövqedə dayanıb və əraziyə Rusiya sülhməramlıları gəlib.

Rusiya sülhməramlıları təmas xəttdində atəşkəsə nəzarət edir, erməni qaçqınların yaşayış yerlərinə təhlükəsiz qayıtmasını təmin edir, humanitar yardım göstərir, mülki və mühəndis infrastrukturunu bərpa edilməsində iştirak edirlər.

Rusiya Müdafiə Nazirliyinin məlumatına görə sülhməramlılarının köməyi ilə ötən gün 1600 metr elektrik xətti, 1 kilometr qaz kəməri, 2200 metr rabitə xətti və iki elektrik yarımstansiyası bərpa edilib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun