Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin partiya rəhbərləri və ictimai fəallar ilə görüşləri davam etdirilir.
Bu səpkidə növbəti görüşlər ayrı-ayrılıqda videokonfrans formatında dekabrın 2-də Milli Məclisin deputatları - Böyük Quruluş Partiyasının sədri Fazil Mustafa, Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyasının sədri Qüdrət Həsənquliyev, həmçinin Milli İstiqlal Partiyasının sədri Arzuxan Əlizadə və Milli Vəhdət Partiyasının sədri Yunus Oğuz ilə keçirilib.
Görüşlərdə Vətən müharibəsində qazanılmış böyük Qələbə, Ordumuzun şücaəti, Azərbaycanın keyfiyyət etibarilə yeni inkişaf mərhələsinə keçməsi, siyasi həmrəylik istiqamətində əldə olunmuş uğurların qorunması, COVID-19 pandemiyası ilə mübarizədə vətəndaşların fəallığı, VI çağırış Milli Məclisin fəaliyyəti, “Siyasi partiyalar haqqında” Qanunun yeni layihəsi və bir sıra digər önəmli mövzular müzakirə edilib. Görüş zamanı xüsusi olaraq qeyd edilib ki, müharibədən sonrakı dövrdə aparılacaq sərt informasiya müharibəsində də siyasi həmrəyliyin nümayişi olduqca vacibdir. Odur ki, siyasi partiyaların birliyinin və qarşılıqlı dəstək mühitinin qorunması strateji vəzifədir.
Milli Məclisin rolunu vurğulayan Ə.Vəliyev islahatların ruhuna və demokratik dəyərlərin inkişafına dəstək olacaq yeni qanun layihələrinə böyük ehtiyac olduğunu bildirib. Odur ki, çeviklik, müasirlik və innovativlik kimi keyfiyyətlər müasir Milli Məclisin əsas xüsusiyyətlərinə çevrilməlidir.
Görüşlər zamanı siyasi partiyaların fəaliyyəti haqqında fikir mübadiləsi də aparılıb. Qeyd olunub ki, siyasi partiyaların fəallığı Azərbaycanda vətəndaş cəmiyyətinin əsaslarının inkişafı üçün zəmin yaradır. Bu səbəbdən də dövlət tərəfindən siyasi partiyalara ayrılan diqqət məhz demokratiyanın inkişafına yönəlmiş sərmayə kimi dəyərləndirilməlidir.
Partiya sədrləri Fazil Mustafa, Qüdrət Həsənquliyev, Arzuxan Əlizadə və Yunus Oğuz çıxış edərək dövlətimizin başçısı İlham Əliyevin Azərbaycanda “Anım Günü”, “Zəfər Günü”, həmçinin Vətən müharibəsində Qələbə ilə bağlı müvafiq orden və medalların təsis olunmasına dair sərəncamlarını yüksək qiymətləndirib, bu addımların ölkəmizdə milli birliyin inkişafına əvəzsiz töhfə olacağına əminliklərini bildiriblər.