Sergey Lavrov: "Rusiya və Türkiyə Qarabağ məsələsində ortaq məxrəcə gəliblər"

Sergey Lavrov: "Rusiya və Türkiyə Qarabağ məsələsində ortaq məxrəcə gəliblər"
5 Dekabr 2020
Mətni dəyiş

Rusiya xarici işlər naziri Sergey Lavrov Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı ortaq məxrəcə gəlməyə müvəffəq olduqlarını açıqlayıb.

Rusiyanın baş diplomatı cümə günü Moskvada beynəlxalq konfransda çıxış edərkən bildirib ki, münaqişənin əvvəlində Ankarada bu münaqişənin hərbi yolla həllinin mümkün olduğu bəyan edildikdə Rusiya tərəfi Türkiyənin addımları ilə razı deyildi:

"Amma indi prezident Putinin və onun həmkarlarının - Azərbaycan və Ermənistan liderlərinin səyləri sayəsində razılıq əldə edilib".

Sergey Lavrov deyib ki, Rusiya və Türkiyənin Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına fərqli yanaşmaları var idi, amma son nəticədə onlar ortaq məxrəcə gəlməyə müvəffəq olublar.

Nazir bildirib ki, Rusiya və Türkiyə ortaq nöqtələr və ortaq məxrəcə nail olmaq üçün yollar tapırlar, Dağlıq Qarabağla bağlı məsələdə də belə olub.

"Əminəm ki, Rusiya və Türkiyənin münasibətləri iki müstəqil ölkənin öz məqsədlərinin həyata keçirilməsi üzərində işləməsinin, heç kimin qarşısında baş əyməməsinin, ultimatumları qəbul etməməsinin və kənardan təzyiqə məruz qalmamasının nümunəsidir", deyən Lavrov Türkiyənin NATO-ya üzvlüyünün iki ölkənin münasibətləri üçün maneə olmadığını vurğulayıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun