İkinci Qarabağ savaşının ilk günlərində Lənkəran rayonun Bala Şürük kənd sakini Vəliəhəd Şakir oğlu Vəliyevin “qara” xəbəri yayılmışdı. Kənd sakinlərinin deməsinə görə, böyük izdihamla onun hesab edilən nəşi bu kəndin qəbiristanlığında torpağa tapşırılıb. İki gün sonra, dekabrın 8-də onun qırx mərasiminin keçiriləcəyi gözlənirdi.
Amma… İni sosial şəbəklərdə məlumat yayılıb ki, Vəliəhəd Vəliyev sağdır, əsirlikdədir. Əsgər ailələri ilə daim əlaqə saxlayan, müəyyən imkanlı adamların dəstəyi ilə onlara yardım edən satirik şair Tofiq Həsnli deyir ki, o dəfində olub:
“Deyib uşağınız sağdır”
“Mən müharibə gedəndə kənddə olmuşam.O vaxt belə söhbət yox idi. Sonrdan eşitdik ki, kimsə onlara zəng edib, deyib uşağınız sağdır”
Tofiq Həsənli sonra da deyib: “ Sonra məsələni yönəltdilər başqa istiqamətə. Kimisə dəfn ediblər axı... Nədirsə, tapşırdılar, bu söhbəti bağladılar. Evin bir oğludur, dekabrın 8-də qırxı olmalıdır. Hamıya eyni cavab verirlər ki, dəqiqləşdirlir.”
Adının çəkilməsini istəməyən bir kənd sakinin dediyinə görə də, Vəliəhəd Vəliyevin sağ olması barədə məlumat var:
“Kənddə hamı danışır ki,...”
“Kənddə bəziləri danışır ki, Vəliəhəd Vəliyev evə qayıda bilər .Onun yerinə dəfn etdikləri cənazəni rəsmi şəxslərin iştirakı ilə qəbirdən çıxardıb aparıblar.”
Bala Şürük kəndinin daxil olduğu Gərmətük bələdiyyəsinin sədri Tamerlan Rzayev də basdırılan həmin meyitin çıxarılaraq aparıldığı barədə deyilənləri təsdiq edib:
“Belə deyirlər ki,...”
“Belə deyirlər ki, Vəliəhəd Vəliyev əsrlikdədir. Cənazəsini çıxardıb apardılar.”
Vəliəhəd Vəliyevin ailəsi ilə əlaqə saxlamaq mümkün olmayıb. Bir neçə gün bundan əvvəl isə, atası Şakir Vəliyev oğlunun sağ olması barədə məlumatı sosial şbəbkələrdən aldığını bildirmişdi:
“Mən də sosial şəbəkələrdən oxumuşam, baxmışam.Düzgün yazılmayıb. Belə bir iş olsaydı mən də qoşulardım bu sevincə.”
Məsələyə aydınlıq gətirmək üçün Səfərbərlik və Hərbi Xidmətə çağırış üzrə Dövlət Xidmətinin Lənkəran şöbəsi ilə də əlaqə saxlamaq istədik. Amma, hələlik, qurumla danışmaq mümkün olmayıb.
“103 hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə...”
Rəsmi məlumatlara görə, 44 günülük müharibədə 100-dən çox hərbi qulluqcu itkin düşmüş hesab edilir.
Azərbaycan Müdafiə Nazirliyinin dekabrın 3 -də yaydığı açıqlamaya görə, bu savaşda silahlı qüvvələrin 2 min 783 nəfər hərbi qulluqçusu həlak olub. “Onların sırasında 103 nəfər hərbi qulluqçunun DNT analiz metodu ilə şəxsiyyətinin müəyyən edilməsi üzrə işlər davam etdirilir.”, deyə nazirliyin açıqlamasında qeyd edilirdi.
Nazirlik onu da bildirir ki, 1245 nəfərin müalicəsi davam etdirilir. “Həlak olan hərbi qulluqçuların adları, təvəllüdü, rütbəsi və keçdiyi döyüş yolu barədə təfərrüatlı məlumatlar əlavə olaraq ölkə ictimaiyyətinə təqdim olunacaqdır. Aidiyyəti dövlət qurumlarının əməkdaşlarından ibarət komissiya bu istiqamətdə fəaliyyət göstərir.”, deyə məlumatın sonunda qeyd olunur.
Xatırlatma
Bu il sentyabrın 27-də Azərbaycan və Ermənistan silahlı qüvvələrinin təmas xəttində ağır döyüşlər başlamışdı. Azərbaycan bildirir ki, noyabrın 9-u döyüşlərin dayandırılmasına qədər 280 civarında kəndi, dörd qəsəbəni (Hadrut, Mincivan, Ağbənd, Bartaz), Şuşa və daha dörd şəhəri (Cəbrayıl, Füzuli, Zəngilan, Qubadlı) işğaldan azad edib.
Noyabrın 10-da Azərbaycan, Ermənistan və Rusiya rəhbərlərinin adından atəşkəs bəyanatı yayılıb. Sənədə görə, Azərbaycan işğaldan azad etdiyi ərazilərdə qalır. Dekabrın 1-dək, üstəlik, Kəlbəcər, Ağdam və Laçın rayonlarının Azərbaycana qaytarılması təmin edilib. Laçın dəhlizində və qoşunların təmas xəttində isə Rusiya sülhməramlıları yerləşdirilib.
Qarabağ münaqişəsi Ermənistanın Azərbaycana ərazi iddiaları ilə 1988-ci ildə başlayıb. 1994-cü ildə gerçəkləşən ( Birinci Qarabağ müharibəsində) atəşkəs razılaşmasına qədər Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və ona bitişik 7 rayonu işğal edilmişdi.