"Rusiya sülhməramlıları Azərbaycanın milli təhlükəsizliyinə təhdid yaradırlar"

"Rusiya sülhməramlıları Azərbaycanın milli təhlükəsizliyinə təhdid yaradırlar"
29 Dekabr 2020
Mətni dəyiş

Dekabrın 27-də saat 15.30 radələrində Azərbaycanın Xocavənd rayonunun Ağdam (Akaku) kəndi istiqamətində qanunsuz erməni silahlı qrupu və ya ərazidə qalmış Ermənistan silahlı qüvvələrinin qalıqlarından ibarət 6 nəfərlik dəstə Azərbaycan Ordusunun bölmələrinə hücum edib. Nəticədə bir nəfər hərbi qulluqçumuz, əsgər Qənbərov Elmir Rayil oğlu şəhid olub, əsgər Əliyev Emin Süleyman oğlu isə yaralanıb. Bu barədə Azərbaycan Müdafiə Nazirliyi məlumat yayıb. Baş verən hadisə Azərbaycan ictimayətinin etirazlarına səbəb olub. Bir qrup insan Rusiya sülhməramlılarının bilərəkdən və ya səhlənkarlıqdan bu hallara yol verdiyini bildirib, onların sülhməramlı kimi fəaliyyətlərini düzgün qura bilmədiklərini deyir. 

Təhülkəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl deyir ki, 10 noyabr bəyanatında bir neçə məsələ qapalı qalmışdı, artıq diplomatlar onu həll etməli idilər, ancaq görünür, etməyiblər.

Onun sözlərinə görə, bəyanatda qeyd olunub ki, Ermənistan silahlı qüvvələri Ağdam, Kəlbəcər və Laçından çıxarılacaq. Geridə qalan hissələrdə isə onlar qaldılar. İndi Ermənistan özünün nəzarətində olan mövqelərdən bizə hücuma keçib, orada Rusiya sülhməramlıları yoxdur.

Ekspertin fikrincə, belə hallar hələ çox olacaq.

İlham İsmayıl deyir ki, 10 noyabrdan bu günə kimi, bu təxribatlara sözlə də olsa reaksiya verilməyib. Nəyinki Rusiya, heç Azərbaycan özü də bəyanatın pozulmasına sərt reaksiya verməyib.

"Rusiya sülhməramlıları öz səlahiyyətlərindən kənara çıxıb hər gün Azərbaycan ərazilərinə ermənilərin gəlməsini təşkil edir. Onlara hər cür mənəvi, hərbi və siyasi dəstək verir. Artıq Qarabağda Gümrüdəkindən də böyük baza yaranıb. Gümrüdə 4 min heyət varsa, artıq Qarabağda 6 mini keçib. Azərbaycanın milli təhlükəsizliyinə ermənilər yox, onların arxasında dayanan Rusiya sülhməramlıları təhdid yaradır", - deyə o, vurğulayıb.

Ekspert deyir ki, Azərbaycan o gücdə deyil ki, müqaviləni bu gün pozsun.

Onun sözlərinə görə, nəzərdə tutulan 5 ilin tamamına kimi müxtəlif yollarla Rusiya üzərində təzyiqi artırmaq lazımdır.

"Bütün bunlar olmalıdır ki, 5 il bitəndə Azərbaycan müxtəlif səbəblər göstərib Rusiyaya etiraz etsin, desin ki, biz sizi istəmirik, çıxın gedin", - deyə təhülkəsizlik məsələləri üzrə ekspert İlham İsmayıl bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun