Rusiya Azərbaycandan pomidor və alma idxalına qadağa qoyub. Müvafiq qərarı Rusiyanın Baytarlıq və Fitosanitar Nəzarəti üzrə Federal Xidməti ("Rosselxoznadzor") qəbul edib.
"Lenta.ru"nun verdiyi məlumata görə, qadağa dekabrın 10-da etibarən qüvvəyə minəcək. Qərarın məhsullarda zərərvericilərin aşkar olunması ilə əlaqədar olduğu bildirilib. "Rosselxoznadzor"dan verilən məlumata görə, oktyabrın 22-dən üzü bəri mütəxəssislər Azərbaycan məhsullarında 17 pozuntu aşkarlayıblar: əsasən pomidor və almalarda Cənubi Amerika pomidor kəpənəyi (Tuta absoluta) və şərq güvəsi (Grapholita molesta (Busck)) aşkarlandığı bildirilib.
"Rosselxoznadzor" sistemli pozuntularla əlaqədar olaraq, Azərbaycana dəfələr xəbərdarlıq edildiyini, sonda da bu məhsulların idxalına qadağa qoyulduğunu açıqlayıb. Qurum məsələ ilə əlaqədar sonuncu dəfə oktyabrın 22-də Azərbaycanın qida agentliyi ilə telefonda danışıldığını və iradların çatdırıldığını diqqətə çatdırıb.
Verilən məlumata görə, zərərvericilər Azərbaycandan idxal edilən digər kənd təsərrüfatı məhsullarında da aşkar olunub.