Qarabağda 10 noyabrdan sonra ilk dəfə atəşkəsin pozulduğu bildirilir. Bu barədə Rusiya, Azərbaycan və Ermənistan müdafiə nazirlikləri ayrılıqda açıqlama yayıblar.
Ermənistan tərəfinin açıqlamasına görə, Azərbaycan Ordusu Dağlıq Qarabağın cənub istiqamətində əməliyyatlara başlayıb.
Rəsmi olmayan məlumatlara görə isə, Azərbaycan Hadrut istiqamətində erməni silahlılarına qarşı əməliyyatlara başlayıb. Əməliyyatların əsasən Çaylaqqala və Köhnə Tağlar kəndi ərazisində keçirildiyi bildirilir. Kəndlər Şuşanın cənubunda, Xocavənd rayonu ərazisində yerləşir.
"Hetq" nəşrinin baş redaktoru, hərbi reportyor Edik Bağdasaryan bildirib ki, erməni qüvvələrinə Azərbaycan Ordusuna müqavimət göstərməməsi barədə əmr verilib: "Azərbaycan Ordusu Xocavənd rayonunun Köhnə Tağlar, Çaylaqqala kəndləri və Dizapayt dağını tam nəzarətə götürüb".
Ermənistan baş nazirinin mətbuat katibi Mane Gevorqyan isə bildirib ki, Köhnə Tağlar və Çaylaqqala ərazisində baş verənlərə ilk olaraq rus sülhməramlıları reaksiya verməlidir.
Rusiya Müdafiə Nazirliyi də Çaylaqqala və Köhnə Tağlar kəndində atəşkəsin pozulduğunu təsdiq edib:
"Dağlıq Qarabağda hərbi əməliyyatların bitməsindən sonra atəşkəs ilk dəfə pozulub. Rusiya sülhməramlı qüvvələri kontingenti Dağlıq Qarabağ ərazisində tapşırıqları yerinə yetirməyə davam edir. İyirmi üç müşahidə məntəqəsində Rusiya sülhməramlıları gecə-gündüz vəziyyəti izləyir və atəşkəs rejiminə əməl olunmasına nəzarət edir. 11 dekabrda Hadrut bölgəsində atəşkəs rejiminin pozulması hadisəsi qeydə alınıb".
Məsələ ilə bağlı Azərbaycan Müdafiə Nazirliyi də açıqlama yayıb. Bildirilir ki, erməni tərəfi Azərbaycanın işğaldan azad olunmuş ərazilərində atəşkəs rejiminin pozulması ilə müşayiət olunan təxribat əməlləri törədib:
"Azərbaycan Silahlı Qüvvələri tərəfindən adekvat cavab tədbirləri görülmüşdür. Hal-hazırda atəşkəs rejiminə riayət olunur".