"Birgə bəyanatın şərtlərini həyata keçirmək üçün dekabrın 1-dək müddət verilib. Türkiyəli müşahidəçilərin gəlişində hər hansı problem olacağını düşünmürəm”.
Noyabrın 10-da Azərbaycan-Rusiya-Ermənistan arasında imzalanmış atəşkəs bəyanatına əsasən, münaqişə bölgəsində Rusiya sülhməramlıları ilə birlikdə Türkiyə hərbçilərinin də yer aldığı monitorinq mərkəzi yaradılmalıdır.
Noyabrın 18-də Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın imzası ilə bu ölkənin hərbi qüvvələrinin Azərbaycana göndərilməsi haqqında qərar layihəsi Böyük Millət Məclisinə təqdim edilib və sənəd qəbul olunub. Qərara görə, Türkiyə hərbçiləri 1 il müddətinə Dağlıq Qarabağdakı Rusiya-Türkiyə Birgə Monitorinq Mərkəzində fəaliyyət göstərəcəklər. Türkiyə hərbi kontingenti hələ də Azərbaycana daxil olmayıb.
"Bildiyim qədərilə Türkiyə hərbçilərinin bir hissəsi artıq Azərbaycandadır, müşahidə komissiyasında işləyəcək hərbçilər də gələcəklər. Burada problem yaradacaq bir əngəl olacağını düşünmürəm. Hələlik sülhməramlılar öz mandatları çərçivəsində düzgün bir şəkildə işləyirlər. Hər şey planlı olaraq həyata keçirilir” - siyasi şərhçi Zərdüşt Əlizadə belə deyir.
Rəsmi Bakı məsələni nə təsdiq, nə də təkzib edib.
Türkiyənin keçmiş millət vəkili Sinan Oğan da "Azadlıq” radiosuna açıqlamasında Qarabağa sülhməramlıların yerləşdirilməsi məsələsində Moskva ilə Ankara arasında ciddi fikir ayrılığı yarandığını söyləyib: "Özəlliklə də Türkiyənin Dağlıq Qarabağda birgə monitorinq mərkəzindən başqa, bəzi yerlərdə öz ordusunu yerləşdirmək istədiyini, Rusiyanın buna qarşı çıxdığını bilirik”.
ABŞ-ın Azərbaycandakı keçmiş səfiri Riçard Kozlariçın ehtimalına görə, Rusiya və Türkiyə noyabrın 10-da açıqlanmış bəyanatı fərqli anlayırlar: "Rusiya Türkiyənin konflikt zonasından kənarda bir monitorinq mərkəzində təmsil olunmasını istəsə də, Türkiyə hərbçilərinin münaqişə zonasında olmasını istəyir”.
Keçmiş nazir Tofiq Zülfüqarov isə Rusiya ilə Türkiyə arasında Qarabağla bağlı hansısa problemin olmadığını iddia edir: "Bu iki ölkə həm Suriyada, həm də digər yerlərdə əməkdaşlıq edirlər. Rusiya üçün bu məsələdə Türkiyə ilə əməkdaşlıq digər ölkələlərlə müqayisədə daha sərfəlidir. Hesab edirəm ki, Türkiyə kontingentinin ləngiməsi texniki problemlərlə bağlıdır. Onsuz da kontingentin bir hissəsi Azərbaycandadır, müşahidəçilərin gəlişində isə heç bir problem olmayacaq”.
Z.Əlizadə xatırladır ki, Rusiya prezidenti Vladimir Putin Azərbaycanın suveren dövlət olaraq bu məsələdə müstəqil qərar vermək haqqı olduğu deyib.