Prezident seçkisində irimiqyaslı saxtakarlığa dəlil tapılmayıb

Prezident seçkisində irimiqyaslı saxtakarlığa dəlil tapılmayıb
2 Dekabr 2020
Mətni dəyiş

Prezident Donald Tramp isə dəfələrlə seçkidə qələbəsinin oğurlandığını iddia edib, Demokrat partiyasından Co Baydenə uduzduğunu etiraf etməyib

ABŞ-ın Ədliyyə Nazirliyi 2020-ci prezident seçkisinin nəticələrini dəyişə biləcək irimiqyaslı saxtakarlığa dəlil tapmayıb. Bunu Baş Prokuror Uilyam Barr bildirib.

“Bu günə kimi nəticələrə təsir göstərə biləcək miqyasda saxtakarlıq aşkarlamamışıq”, – o söyləyib.

Prezident Donald Tramp isə dəfələrlə seçkidə qələbəsinin oğurlandığını iddia edib, Demokrat partiyasından Co Baydenə uduzduğunu etiraf etməyib.

Uilyam Barr prezidentin ən sadiq müttəfiqlərindən sayılırdı. O, seçkiöncəsi dəfələrlə demişdi ki, poçta səsvermənin miqyası saxtakarlığa yol aça bilər.

Oktyabrda Barrın ölkə üzrə prokurorlara verdiyi səlahiyyət seçki vaxtı pozuntulara dair istənilən “ciddi ittihamları” araşdırmağa yol açdı. Bu isə Ədliyyə Nazirliyinin ənənəsi siyasətinə zidd idi. Çünki indiyədək rəsmi nəticələr tanınmayanadək belə təhqiqatın aparılması qadağan olunurdu.

Tramp ittihamlardan əl çəkmir

Bu göstərişdən sonra Ədliyyə Nazirliyinin seçkidə pozuntularla mübarizə üzrə yüksək vəzifəli əməkdaşı istefaya getdi.

Donald Tramp noyabrın sonunda ilk dəfə olaraq Seçici Kollegiyası Baydenin qələbəsini tanıyacağı halda Ağ Evdən gedəcəyini açıqladı. Ancaq o, jurnalistlərin suallarına cavabında bir daha ştat səviyyəsində seçkilərin keçirilməsinə cavabdeh “vicdansız” vəzifəli şəxsləri kütləvi saxtakarlıqlarda suçladı, bunların onun məğlubiyyətinə səbəb olduğunu dedi.

ABŞ qanunvericiliyinə görə, dekabrın 14-də Seçici Kollegiyasının iclasında seçkinin rəsmi qalibi elan olunacaq, yeni prezidentin andiçməsi isə yanvarın 20-də keçiriləcək.

Ştatların hakim orqanları və beynəlxalq müşahidəçilər dəfələrlə Trampın ittihamlarını rədd ediblər. Onun komandası hələ də kütləvi saxtakarlıqla bağlı inandırıcı dəlil ortaya qoya bilməyib.

Bəzi ştatların məhkəmələri respublikaçıların və prezidentin vəkillərinin qaldırdığı çoxsaylı iddiaları rədd ediblər.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun