"Polisin cərimələdiyi vətəndaşdan məbləği yerində ödəməyi tələb etməyi qanunsuzdur"

"Polisin cərimələdiyi vətəndaşdan məbləği yerində ödəməyi tələb etməyi qanunsuzdur"
28 Dekabr 2020
Mətni dəyiş

İctimai fəal Rüstəm İsmayılbəyli dekabrın 27-i axşam saatlarında Daxili İşlər Nazirliyinin Nəsimi Rayon 22-ci polis bölməsinə aparılması ilə bağlı məlumat yayıb.

Özünün sosial şəbəkə hesabında yaydığı açıqlamada ictimai fəal deyir ki, onu karantin qaydalarının tələblərini pozduğu üçün saxlayıblar:

"İcazədən 7 dəqiqə keçəndən sonra taksi gözləyəndə bir polis yaxınlaşdı və SMS icazəmin olub-olmamasını yoxladı. Bildirdim ki, taksi gözləyirəm. Dedi, ləğv et və PPX çağırdı", - deyə Rüstəm İsmayılbəyli bildirib.

Onun sözlərinə görə, inzibati protokolun yerində tərtib olunmasını istəsə də, buna məhəl qoymadan onu 22-ci polis bölməsinə aparıblar:

"Sabah mütləq gəl ödə, yoxsa evinə maskalılar gələcək"

"Mənə cərimə yazacağıq, gedəcəksən deyildi, amma bir kameraya salıb qapını bağladılar. Daha sonra bildirildi ki, ya üstündən ödə, ya da zəng elə, evdən karta 200 manat yükləsinlər, yoxsa ödəyəcəyin vaxta qədər səni buraxmayacağıq".

[caption id="attachment_77492" align="alignleft" width="1280"] Rüstəm İsmayılbəyli[/caption]

İctimai fəal deyir ki, bundan sonra telefonunu və sənədlərini götürüb kameranı bağlayıblar. İnadla bildirəndə ki, bu nə üstündə, nə də evində bu dəqiqə cəriməni ödəyəcək pulu yoxdur, polislər deyiblər ki, onda qalırsan bölmədə.

"Təxminən 1 saat keçdi. Bu dəfə dedim ki, barı telefonumu verin, ailəmə və vəkilə vəziyyəti izah edim. Nəhayət, qane oldular ki, həqiqətən məndə cəriməni indi ödəyəcək hal yoxdur, onda "sabah mütləq gəl ödə, yoxsa evinə maskalılar gələcək" deyərək protokol yazıb, azad buraxdılar", - deyə Rüstəm İsmayılbəyli bildirib.

Məsələ araşdırılır

Rüstəm İsmayılbəyli bildirir ki, məsələ ictimailəşəndən sonra, Bakı Şəhər Baş polis İdarəsindən ictimai fəalla əlaqə saxlayıb, məsələnin araşdırıldığını bildiriblər və onu idarəyə dəvət ediblər.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin KİV və İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis mayoru Elşad Hacıyev Abzas-a ictimai fəalın Bakı Şəhər Baş Polis İdarəsinə dəvət olunduğunu təsdiqləyib və məsələnin araşdırıldığını bildirib.

[caption id="attachment_94589" align="alignleft" width="1000"] Elşad Hacıyev[/caption]

Polisin bu davranışı vəzifə səlahiyyətlərini aşmaqdır

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, belə tələbin qanuni əsası yoxdur, çünki cərimə olunan şəxsin cəriməni ödəmək üçün müəyyən müddəti var. Eyni zamanda, vətəndaşın tərtib olunan protokolu məhkəmə qaydasında mübahisələndirmək hüququ var.

Ekspertin sözlərinə görə, cərimənin tətbiq olunması hələ o demək deyil ki, məsələ bitib. Cərimə əsassız ola bilər və belə olan halda vətəndaşın protokolu məhkəmədə mübahisələndirib ləğv etdirmək hüququ var. Vətəndaşa bu imkan yaradılmalıdır. Bu baxımdan, polisin bu davranışı vəzifə səlahiyyətlərini aşmaqdır və polis haqqında qanunun tələblərinə ziddir.

"Bu, polis gücündən istifadə edərək vətəndaşın hüquqlarını əlindən almaqdır. Vətəndaşın hüququ var ki, özünü müdafiə eləsin və bu halda özünü müdafiə edə bilmir. Onu məcbur edirlər ki, öz azadlığını hansısa formada pulla alsın. Çünki təcrid olunur və pul verməsindən sonra buraxılacağı deyilirsə, bu həm də şəxsin qanunsuz olaraq saxlanılmasıdır", - deyə hüquqşünas bildirib.

[caption id="attachment_73145" align="alignleft" width="1280"] Ələsgər Məmmədli[/caption]

Ələsgər Məmmədli deyir ki, polis o zaman şəxsi polis orqanlarına apara bilər ki, şəxsin şəxsiyyətini müəyyən etmək mümkün olmasın. Amma vətəndaşın şəxsiyyətini yerində müəyyən etmək mümkündürsə və polisə qarşı da hansısa müqavimət yoxdursa, onun polisə aparılması qanunsuzdur:

"Şəxsin hüquqlarından biri də protokola öz qeydini yazmaqdır. Öz qeydini yazmağı tələb edirsə, bu artıq müqavimət yox, hüququnun icrasıdır. Məsələn, protokol qanunsuz tətbiq olunursa, vətəndaş orda qeyd edir ki, protokol qanunsuz tətbiq olunub və mən imzamla qeyd edirəm ki, prostokolda göstərilən pozuntuları etməmişəm. Sabah da məhkəmə mübahisləndirməsi olanda və protokol ortaya çıxanda məlum olacaq ki, siz etirazınızı yerində etmisiniz, sadecə güc tətbiq edən tərəfə bunu qəbul etdirə bilməmisiniz", - deyə Ələsgər Məmmədli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun