Polad Aslanovun barəsində hökmdə şahidlərin ifadələri təhrif edilib

Polad Aslanovun barəsində hökmdə şahidlərin ifadələri təhrif edilib
8 Dekabr 2020
Mətni dəyiş

Jurnalist Polad Aslanovun barəsində hökmün mətnində bəzi şahidlərin məhkəmədə verdikləri ifadələr təhrif edilib. Bunu dünən 1 saylı Bakı İstintaq Təcridxanasında həyat yoldaşı ilə görüşən Gülmirə Aslanova bildirib.

"Polada hökmün mətnini verdilər. O, jurnalistlər Kənan Rövşənoğlu, Mirələm Həşimov və bəzi digər şahidlərin ifadələrin təhrif olunduğunu aşkar etdi.

Hər iki jurnalist məhkəmədə hakim Faiq Qəniyevdən xahiş edib ki, ilkin istintaqda verdikləri ifadələrin təhrif olunmuş hissəsi çıxarılsın. Lakin hakim bunu etməyib və sadəcə, ittiham aktının məzmununu hökmə köçürüb", - G. Aslanova bildirib.

Onun sözlərinə görə, müdafiə tərəfi artıq hökmdən apellyasiya verib.

Noyabrın 16-da xeberman.com saytının təsisçisi Polad Aslanov məhkəmə tərəfindən İranın xeyrinə casusluqda təqsirli bilinərək 16 il müddətinə azadlıqdan məhrum edilib. Dövlət ittihamçısı onun 17 il müddətinə həbs olunmasını xahiş edib.

P.Aslanov 12 iyun 2019-cu ildə həbs edilib və CM-in 274-cü maddəsi (dövlətə xəyanət) ilə ittiham olunub. İstintaq iddia edir ki, P.Aslanov jurnalist həmkarlarını cəlb edərək onları İranın xüsusi xidmət orqanları ilə əməkdaşlığa sövq edib.

P.Aslanov bütün ittihamları təkzib edib və bildirib ki,  xüsusi xidmət orqanları işçilərinin korrupsiya hallarını ifşa etdiyinə görə təqib olunur.

Beynəlxalq təşkilatlar onun həbsini pisləyiblər, P. Aslanovu azad etməyə çağırıblar

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun