Mülki geyimli polislərin karantin tədbirlərinə nəzarət etməsi hüquqidirmi?

Mülki geyimli polislərin karantin tədbirlərinə nəzarət etməsi hüquqidirmi?
23 Dekabr 2020
Mətni dəyiş

Bu günlərdə Daxili İşlər Nazirliyi məlumat yayıb ki, koronavirus pandemiyası ilə əlaqədar ölkədə tədbiq olunan karantin rejimindən irəli gələn tədbirlərin həyata keçirilməsində mülki geyimli polislər də iştirak edəcəklər. 

Açıqlama bəzi müzakirələrə səbəb olub. Bir qrup insan düşünür ki, mülki geyimli polislər ancaq xüsusi əməliyyat şəraiti nəzərə alınmaqla, gizli əməliyyat tədbirlərinin həyata keçirilməsinə cəlb oluna bilərlər, ümumi ictimai qaydalardan irəli gələn nəzarət tədbirlərini ancaq xidməti formada olan polis əməkdaşları həyata keçirə bilər. Digər bir qrup insan isə hesab edir ki, Daxili İşlər Nazirliyi istənilən halda qanunvericilikdən irəli gələn tədbirlərin həyata keçirilməsi üçün mülki geyimli polisləri də bu işə cəlb edə bilər.

Bəs görəsən, əslində necə olmalıdır?

Hüquqşünas Ələsgər Məmmədli deyir ki, qanunvericiliyə görə, polis əməkdaşı təkcə xidməti formada olmalıdır deyə bir şey yoxdur.

Onun sözlərinə görə, əgər vətəndaşla birbaşa əlaqədə olmurlarsa, kənardan müşahidəçi kimi nəzarət aparırlarsa və ya hansısa əməliyyat tədbirin icra edirlərsə, polis əməkdaşları mülki formada da ola bilərlər.

"İndiki halda əgər koronavirusla bağlı ağrılı vəziyyəti nəzərə alsaq, burada polis əməkdaşlarına da müəyyən səlahiyyətlər verilib və polis əməkdaşları həm qanunvericilikdən irəli gələn tədbirləri həyata keçirirlər, həm də elə polis əməkdaşlarına daxili nəzarəti tətbiq edirlər ki, bu da əməliyyat fəaliyyəti hesab olunur. Əməliyyat fəaliyyəti zamanı isə mülki geyimdən istifadə etmək olar", - deyə Ələsgər Məmmədli bildirib.

Hüquqşünas deyir ki, mülki geyimli polislər vəzifələrinin icrası zamanı xidməti vəsiqələrini ancaq vətəndaşın hüquqlarını məhdudlaşdırmağa yönəlik addım atdıqda təqdim etməlidirlər.

"Əgər hansısa bir vətəndaş qanunvericiliyin tələblərini pozursa, mülki geyimli polis bunu müşahidə edə bilər. Ancaq ona yaxınlaşıb məsuliyyətə cəlb olunması üçün hansısa fəaliyyət həyata keçirirsə və yaxud irad bildirirsə, polis olduğunu əvvəldən bildirməlidir", - deyə hüquqşünas Ələsgər Məmmədli bildirib.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun