Venesuelada ötən bazar günü, dekabrın 6-da Milli Assambleyaya keçirilən seçkilərdə deputat mandatlarının əksəriyyətini prezident Nikolas Maduronu dəstəkləyən namizədlər qazandı. Bu barədə "Radio Svoboda" xəbər verir.
Milli Assambleya indiyə qədər hakim Vahid sosialist partiyasının nəzarətindən kənarda qalan yeganə dövlət institutu idi. Ölkənin bütün müxalif partiyaları seçkiləri saxta adlandıraraq iştirakdan imtina ediblər. Demək olar ki, bütün Qərb dövlətlərinin liderləri də eyni fikirdədirlər.
"Qələbə müjdəli sabahınız xeyir olsun!” – Nikolas Maduro dekabrın 7-də xalqa belə müraciət edib.
Maduro: "Bizim yeni Milli Assambleyayamız var, biz çox böyük, əzəmətli qələbə qazandıq”
Qərb və Latın Amerikası liderlərinin əksəriyyətinin legitimliyini qəbul etmədikləri Venesuela prezidenti (bolivarçı sosialist) ölkənin bütün siyasi institutları üzərində tam nəzarətə yiyələnib. Üstəlik bu, iqtisadiyyatın, sənayenin, kənd təsərrüfatının, səhiyyə və təhsil sisteminin, ağlasığmaz korrupsiyanın, neftin ixracına əngəl olan ABŞ sanksiyaları və təxminən beş milyon insanın ölkədən qaçışının fonunda baş verib. Venesuelalıların 96 faizi yoxsulluq içisində yaşayır, onların da təxminən 97 faizi aclıq keçirir.
Venesuela Vahid sosialist partiyasının (PSUV) və onunla ittifaq bağlayan xırda, marionet partiyaların namizədləri səslərin təxminən 69 faizini toplayıblar. Milli Seçki Şurasının məlumatına görə, boykot haqqında ümumi qərara əməl etməyərək, seçkilərdə iştirak edən müxalif partiyalar 18 faizdən çox səs toplamayıblar. Seçkilərdə iştirak göstəricisi ümumilikdə çox aşağı olub: qeydə alınan 20 milyon seçicinin yalnız 31 faizi səs verib. Milli Assambleyanın yeni heyətinin ilk iclası 2021-ci il yanvarın 5-də baş tutacaq.
Maduronun və "Çavesçi” tərəfdarlarının bu gözlənilən zəfəri Milli Assambleyanı tamamilə onların nəzarətinə keçirir və ABŞ tərəfindən dəstəklənən müxalifət lideri Xuan Quaydonu daha da zəiflədir.
"Dələduzluq və saxtakarlıq”
ABŞ Dövlət Katibi Mayk Pompeo 6 dekabr seçkilərini "Tvitter"də Maduronun planlaşdırdığı "dələduzluq və saxtakarlıq” adlandırıb. "Venesuelada ən populyar siyasətçilərin çoxu, eləcə də müxalif siyasi partiyalar seçkilərə buraxılmayıblar, yoxlamadan keçmiş etibarlı hesablama maşınları yoxdur, milyonlarla venesuelalı seçici siyahılarında qeydiyyata alınmayıb, həbsxanalarda siyasi məhbuslar var”, - deyə Pompeo bildirib. Braziliyanın xarici işlər naziri Ernesto Arauju "Tvitter"də yazıb ki, səsvermə "seçki məzhəkəsi”ni və Maduro diktaturasının öz hakimiyyətini qanuniləşdirmək cəhdi olub. Kanada da seçkilərin nəticələrini tanımadığını bildirib. Xarici işlər naziri Fransua-Filipp Şampan bəyan edib ki, "Kanada həmişə Venesuela xalqının demokratiyanın bərpası uğrundakı mübarizəsinin yanında olacaq”. Amerika Dövlətləri Təşkilatı da eyni bəyanatla çıxış edib.
Maraqlıdır ki, Venesuelada bazar gününə qədər iki parlament mövcud idi – köhnə parlament və legitim Milli Assambleya. Milli Assambleyada kürsülərin çoxunu 2015-ci ildən bəri müxtəlif müxalif partiyalar tuturdular, bir də Maduronun 2017-ci ildə istisnasız olaraq öz tərəfdarlarından təşkil etdiyi "Konstitusiya məclisi” adlı qəribə qurum vardı. Maduronun nəzarətində olan Ali Məhkəmə elan etmişdi ki, Milli Assambleyanın qəbul etdiyi heç bir qanunun hüquqi qüvvəsi yoxdur. İndi məhkəmə yəqin ki, öz əvvəlki qərarını dəyişəcək.
4000%-lik inflyasiya və çörək növbələri
Yüzdən artıq partiyadan 14 min namizədin iştirak etdiyi 6 dekabr seçkiləri Venesuelanın getdikcə daha da çox qərq olduğu fəlakətli siyasi-iqtisadi böhranın fonunda keçirilib. Ölkədə fantastik inflyasiya hökm sürür (2019-cu ilin noyabrından etibarən 4000%), ərzaq, benzin və gigiyena vasitələri uğrunda növbələr ölkəni iflic edib, su və qaz təchizatı dayanıb, elektirk enerjisi tez-tez kəsilir. Bundan əlavə, Venesuela qitədə "COVİD-19"-dan ən çox ziyan görən ölkələrdən biridir, hərçənd rəsmi informasiyaya görə, ölkədə xəstəlik yoxdur, o
nu xaricdən "casuslar və xainlər” keçirməyə çalışırlar.
Keçmiş avtobus sürücüsü olan Nikolas Maduro öz müəllimi Uqo Çaves 2013-cü ildə öləndən sonra prezident olub, 2018-ci ildə açıq-aşkar saxta, müxalif partiyalar tərəfindən boykot olunan və çoxminlik etiraz nümayişlərilə müşayiət olunan seçkilərdən sonra o, təkrar prezident seçilib.
Onun qələbəsini beynəlxalq birliyin böyük bir hissəsi – ilk növbədə ABŞ, Avropa Birliyi və Latın Amerikasının bir çox ölkələri – qanunsuz adlandırıblar. Bu ölkələr özünü "müvəqqəti prezident” elan edən və Nikolas Maduronu çoxsaylı dinc aksiyalarla devirməyə çalışan Xuan Quaydonu, Milli Assambleyanın (artıq keçmiş) spikerini dəstəkləyiblər.
37 yaşlı Quaydo bu dəfə ölkədə seçkilər üçün azad və ədalətli şərtlərin sadəcə mövcud olmadığını deyərək, seçiciləri evdə qalmağa səsləyib: "Maduronun istədiyi legitimliyə nail olmaq deyil, o, sadəcə demokratiyanın bütün təzahürlərini məhv etməyə çalışır”.
Yeni "avantüra”?
Dekabrın 7-dən etibarən Quaydo və müttəfiqləri həqiqi, azad və şəffaf seçkilər keçirilənəcən indiki Milli Assambleyanın mandatını uzatmaq naminə müəyyən ictimai dəstək üçün bir həftəlik rəy sorğusu keçirməyi planlaşdırırlar. Amma bu sorğunun nəticələrinin reallığa heç bir təsiri ola bilməz, çünki Maduro Ali Məhkəmə, qüdrətli hərbi qüvvələr və xüsusi xidmət orqanları daxil olmaqla, bütün hakimiyyət institutlarına tam nəzarət edir.
Xuan Quaydo və onun Leopoldo Lopes kimi tərəfdarlarının Venesuelanı dəyişmək haqqında passionar çağırışlarından doğan ilkin coşğu iki il ərzində tamamilə öləzidi. Venesuelalılar dəyişiklik gözləməkdən yorulublar və artıq bütün müxalifət liderlərindən də əllərini üzüblər, tənqidçilər "rəy sorğusu” ideyasını avantüra kimi qiymətləndirirlər. Şübhə yoxdur ki, bazar günkü məğlubiyyət Quaydonu marginallaşdıracaq, ən azı ona görə ki, o, prezidentlik ambisiyalarını legitimləşdirən postunu itirib.
Nikolas Maduronun qələbəsini Rusiya və Çin kimi müttəfiqləri aşkar dəstəkləyəcəklər, çünki bu onun rejiminə legitimlik qazandırır, eləcə də bu, ABŞ və Avropa Birliyinin sanksiyalarından yayınmaq üçün hüquqi baza yaradır.
Xuan Quaydo personasının önəminin azalmasını belə bir fakt da sübut edir ki, bəzi müxalif partiyalar və dissidentlər onu 6 dekabr səsverməsini boykota çağırışa görə tənqid edərək seçkilərdə iştirak ediblər, baxmayaraq ki, bu qruplar digər müxalifətçilər tərəfindən Maduro hakimiyyətinə legitimlik qazandırmaqda da ittiham olundular.
Oğurlanan jurnalist, basılan redaksiya – il ərzindəki 700 təqib faktından yalnız ikisi
Milli Assambleyaya seçkilərin necə keçdiyini rəsmi KİV-lərdən və ya sosial şəbəkələrdən də öyrənmək mümkün idi. Venesuela 2014-cü ildən bəri dünya mətbuat azadlığı indeksində 31 pillə geriləyib və indi 180 dövlət arasında 147-ci yeri tutur. Bunun da səbəbi Maduronun müstəqil jurnalistlərə olan hücumlarıdır.
Məsələn, dekabrın 2-də Altaqrasia-de-Orituko şəhərində naməlum quldurlar "Diaro La Antena" adlı müstəqil qəzetin müxbiri və fotoqrafı, həm də müstəqil "El Pitazo" xəbər saytının müəllifi Xamel Loukuya atəş açıblar. Bu zaman iki güllə onun sol əlinə dəyib. Louku özü baş verənləri uğursuz qarət cəhdi hesab edib. Jurnalist deyib ki, hücumun motivləri barədə bilmir, amma vurğulayıb ki, ərzaq, su, dərman və elektrik çatışmazlığı haqqında məqalələrinə görə tez-tez yerli hakimiyyət orqanının tənqidlərinə məruz qalırdı.
Müxalif jurnalist Roberto Korrenonun paytaxt Karakasda oğurlanması da Venesuela hakimiyyətinin əməli hesab olunur. Qonşuları onu sonuncu dəfə oktyabrın 26-da görüblər. Onların sözlərinə görə, naməlum şəxslər Korrenonu zorla dövlət nömrə nişanı olmayan maşına oturdublar. Onun hansısa zirzəmidə 48 saat saxlanandan sonra həbs olunduğu bildirilib. Venesuelanın baş prokuroru, cinayətdə şübhəli bilinən şəxs kimi ABŞ tərəfindən axtarışa verilən Tarek Saab "Tvitter"də yazıb ki, Korreno "demokratik dünyaya qarşı qəsddə iştiraka görə” həbs olunub.
Bundan altı gün əvvəl isə Maduronun SEBİN xüsusi xidmət təşkilatı Puerto-Ordas şəhərində müstəqil "Correo del Caroni" qəzetinin redaksiyasını tutmuşdu.
Yerli Jurnalistlərin Müdafiəsi Komitəsinin məlumatına görə, SEBİN zabitləri kompüter və sənədləri müsadirə ediblər, nəşriyyatın hüquqlarını müdafiə edən vəkili binaya buraxmayıblar. Redaksiyada axtarışa icazə verən məhkəmə qərarında qəzet işçilərinin hansı qaydaları pozması barədə heç nə deyilmir. Axtarışdan sonra SEBİN əməkdaşları jurnalist Mariya Ramires Kabalyonu və inzibatiçı Susanna Reyesi saxlayıblar. Onları altı saat ərzində vəkilsiz dindiriblər. Noyabrın 12-də SEBİN "Correo del Caroni"nin baş redaktoru David Natera Fabresin evində axtarış keçirib. Ağır xəstəliklərdən əziyyət çəkən 80 yaşlı qoca saxlanılıb və dörd saat ərzində dindirilib. Ona Quaydonun müvəqqəti hökumətinin üzvləri ilə oğlunun əlaqələri barədə suallar verilib. Fabres də vəkilin xidmətlərindən istifadə edə bilməyib. Onu heç bir ittiham irəli sürmədən, gecə yarısı buraxıblar.
Hələ də fəaliyyət göstərən müxalif Milli Assambleyanın deputatı Mariya Konsepsiyon Mulinyonun dediyinə görə, bütün bunlar "jurnalistlərin peşə faəliyyəti ilə əlaqədar təqib edilməsi haqqında 2020-ci ilin əvvəlindən sənədləşdirilən 700 hadisədən yalnızca bəzilərdir”.