Liviya Milli Ordusunun rəhbəri Xəlifə Haftarın tərəfdarları Misrat limanına doğru üzərkən saxlanılmış türk yük gəmisini sərbəst buraxıblar.
Bu barədə Anadolu" agentliyi xəbər verir.
Qeyd edək ki, tibbi yardım yükünün olduğu gəmi dekabrın 5-də Liviya sahillərində saxlanılmışdı.
Gəminin heyət üzvü 17 nəfərdən ibarətdir. Xarici KİV-in məlumatına görə, onlardan doqquzu Türkiyə, yeddisi Hindistan və biri Azərbaycan vətəndaşıdır.
Dekabrın 8-də Liviya Milli Ordusunun nümayəndəsi, general-mayor Əhməd əl-Mismari bildirib ki, "Mabrouka" adlı ticarət gəmisi Liviyanın qərbindəki Misrata şəhərinin limanına doğru üzürmüş və Derna yaxınlığında saxlanılıb. O, “El-Hades” televiziya kanalına açıqlamasında Haftarın dəniz qüvvələri əməkdaşlarının qayıqla yaxınlaşaraq dəniz qaydalarını pozan gəmiyə mindiklərini demişdi. Gəmidəki yük ancaq dərman vasitələrindən ibarət olub və Misrata çatdırılmalı imiş.