Koronavirusla mübarizədə QİÇS-dən nəyi öyrənməli

Koronavirusla mübarizədə QİÇS-dən nəyi öyrənməli
1 Dekabr 2020
Mətni dəyiş

UNAIDS xəbərdarlıq edib ki, koronavirus pandemiyası dövründə tibbi xidmətlərin pozulması 2022-ci ilədək əlavə 293 min İİV-ə yoluxma və 148 min QİÇS-ə bağlı ölümlə sonuclana bilər

Bu il 1 dekabr – QİÇS-lə Beynəlxalq Mübarizə Günü dünyanın başı koronavirus pandemiyasına qarışdığı bir dönəmdə qeyd olunur.

BMT-nin Birgə İİV və QİÇS Proqramının (UNAIDS) icraçı direktoru deyib ki, insanlar COVID-19 vaksinləri gözlədikləri bir vaxtda insanda immun çatışmazlığı virusunu (İİV) unutmamalıdırlar, “vaksinlərin yalnız zənginlərin imtiyazına çevrilməməsini təmin etməlidirlər”.

Uinni Byanyima bəyanatında qeyd edib ki, dünya İİV-ə qarşı mübarizədə yol verilən səhvlərdən öyrənməlidir, “o zaman inkişaf etməkdə olan ölkələrdə milyonlarla insan müalicəsini gözləyərək vəfat edirdi”.

Onun sözlərinə görə, COVID-19 onsuz da mövcud olan bərabərsizlikləri genişləndirir, dünyanın son 20 ildə səhiyyə və inkişafda, o cümlədən İİV-ə qarşı əldə etdiyi proqresə təhdid yaradır.

UNAIDS xəbərdarlıq edib ki, koronavirus pandemiyası dövründə tibbi xidmətlərin pozulması 2022-ci ilədək əlavə 293 min İİV-ə yoluxma və 148 min QİÇS-ə bağlı ölümlə sonuclana bilər.

12 milyon xəstə dərman tapmayıb

Qurumun ötən həftə yayılmış illik hesabatına görə, ötən il İİV-ə yoluxmuş 12 milyon nəfərin dərmana çıxışı olmayıb.

Hesabatda deyilirdi ki, 2019-cu ildə 1.7 milyon nəfər təməl xidmətlərin yoxluğu ucbatından İİV-ə yoluxub.

Byanyima İİV fəallarını da alqışlayıb, onları bu virusa qarşı mübarizənin “əsas sütunu” adlandırıb.

“İcmalar daxilində, bir-biri qarşısında birgə məsuliyyətin ruhlandırdığı güc-qüdrət İİV üzərində qələbəmizə böyük töhfə verib”, – o vurğulayıb.

Hazırda dünyada 38 milyondan çox insanın İİV-ə yoluxduğu bildirilir. QİÇS pandemiyası 1980-ci illərdə başlayandan 33 milyona yaxın insanın həyatına son qoyub. QİÇS-lə Beynəlxalq Mübarizə Günü 1988-ci il dekabrın 1-dən qeyd edilir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun