Koçaryan: "Bu əməliyyat nəticədə hərbi korpuslardan biri və Stepanakert alayı darmadağın edildi"

Koçaryan: "Bu əməliyyat nəticədə hərbi korpuslardan biri və Stepanakert alayı darmadağın edildi"
5 Dekabr 2020
Mətni dəyiş

Ermənistanın keçmiş prezidenti Robert Koçaryan ölkəsinin 5-ci kanalına II Qarabağ müharibəsi barədə geniş müsahibə verib. Bu barədə dekabrın 5-də Ermənistan KİV-i məlumat yayıb. 

Koçaryan müsahibəsində Ermənistanın müharibədəki məğlubiyyətinin əsas baiskarlarının adlarını çəkib: "Biz bu müharibədə məğlub olmaya bilərdik. Müharibəni bizim xalqımız uduzmadı, baş nazir, hökumət və siyasi komanda uduzdu".

Koçaryan Nikol Paşinyanın göstərişi ilə oktyabrın əvvəlində Dağlıq Qarabağın cənubunda şübhəli hərbi əməliyyat başladıldığını və bu əməliyyatın tezliklə darmadağınla nəticələndiyini bildirib:

"Bu, ən bərbad əməliyyat idi, nəticədə hərbi korpuslardan biri və Stepanakert alayı darmadağın edildi. Bundan sonra artıq bizim effektiv müdafiə həyata keçirə biləcək döyüş qabiliyyətli qoşunumuz qalmamışdı".

Keçmiş prezident Ermənistan hökumətinin müharibənin əvvəl yol verdiyi səhvlərin də ölümcül nəticələrə gətirib çıxardığını deyib.

"Hər şey erməni tərəfinin iyul ayında Tavuşda (Tovuz) sərhəd münaqişəsinə səbəb olması ilə başladı", - Koçaryan deyib.

Onun sözlərinə görə, müharibəyə hazır olmayan ölkənin belə bir təxribat törətməsi ölümcül səhv idi: "Bir ay əvvəl baş qərargah rəisinin Ermənistanın müharibəyə hazır olmadığını məruzə etdiyini nəzərə alsaq, bu ölümcül səhv idi".

Keçmiş prezident müharibə dövründə Ermənistanın müdafiə naziri olan David Tonoyanın da təxribatçı açıqlamalarını tənqid edib. Onun fikrincə, münaqişə başlamazdan əvvəl, Tonoyanın "Yeni ərazilər üçün yeni müharibələr" kimi açıqlamaları təkcə Azərbaycanı deyil, Türkiyəni də qıcıqlandırıb. Beləcə, Türkiyə müharibədə Azərbaycana güclü dəstək verib.

Koçaryan müharibə başlar-başlamaz Ermənistanın məğlub olacağının aydın olmasına baxmayaraq, Paşinyanın Lavrov planını niyə qəbul etmədiyini anlamadığını da bildirib. Onun fikrincə, həmin vaxt plan qəbul edilsəydi, itkilər daha az olardı və Ermənistan daha münasib şərtlərlə atəşkəs müqaviləsi bağlayardı.

"Sünikin (Zəngəzur) sərhədlərini qorumaq üçün belə, bizim artıq ordumuz yoxdur", - deyən Koçaryan Ermənistanın müharibə zamanı hərbi texnikasının böyük qismini itirdiyini, bir neçə ordu korpusunun tamamilə sıradan çıxdığını bildirib.

Keçmiş prezident müharibədəki ağır məğlubiyyətin Nikol Paşinyanın və komandasının kobud səhvlərinin nəticəsi olduğunu vurğulayıb. Onun fikrincə, Ermənistan hazırkı böhranlı vəziyyətdən çıxmaq üçün Rusiya ilə bütün sahələrdə əməkdaşlığı gücləndirilməlidir.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun