2015-ci ildə imzalanmış Paris iqlim sazişinə görə, ölkələr qlobal temperatur artımını sənaye dövründən əvvəlki 1.5 dərəcəyə salmaqdan ötrü emissiyaları azaltmağa razılaşıblar
Ötən illə müqayisədə 2020-ci ildə dünyada atmosferə karbon qazı emissiyaları 7 faiz azalıb. Qlobal Karbon Layihəsi bunu COVID-19 pandemiyası ilə bağlı karantin və qadağalarla izah edir.
Dekabrın 11-də dərc olunmuş tədqiqatda deyilir ki, bu il havaya 34 milyard metrik ton istixana qazı buraxılıb.
Birləşmiş Ştatlarda karbon qazı emissiyaları 12 faiz, Avropa Birliyində 11 faiz azalıb.
Çində isə azalma cəmi 1.7 faiz olub. Çünki bu ölkə ilin əvvəlində virusu sərt qadağalarla məhdudlaşdıra bildi və sonradan iqtisadiyyatını bərpa etməyə başladı.
Araşdırmanı aparmış alimlər bildirirlər ki, emissiyaların azalması adamların evdə qalması, avtomobil və təyyarə ilə səyahətlərin azalmasıyla bağlıdır.
Azkarbonlu fəaliyyətə keçmək
Hələ koronavirus pandemiyasından öncə də emissiyalar əvvəlki illərə baxanda daha az sürətlə artırdı.
Pandemiya bitəndən sonra karbon emissiyalarının artacağı gözlənir. Amma ABŞ və Avropanın yaşıl enerji əsaslı iqtisadi bərpa planlarının istixana qazlarının həcmini azaldacağına ümidlər var.
“Bunun bir tendensiyanın başlanğıcı olub-olmamasını COVID-19 stimul paketlərinin dünyaya necə nəticə göstərəcəyindən asılıdır”, – araşdırmanın müəlliflərindən biri, Münhendə Lüdviq Maksimilian Universitetindən Culia Ponqrats deyib.
“İqlim dəyişikliyini yumşaltmağın yolu fəaliyyəti dayandırmaq deyil, azkarbonlu enerjiyə keçməkdir”, – Fransada İqlim və Ətraf Mühit Elmləri Laboratoriyasının tədqiqatçısı Filip Kie deyib.
2015-ci ildə imzalanmış Paris iqlim sazişinə görə, ölkələr qlobal temperatur artımını sənaye dövründən əvvəlki 1.5 dərəcəyə salmaqdan ötrü emissiyaları azaltmağa razılaşıblar. Alimlər bu göstəricinin iqlim dəyişikliyinin ən pis təsirlərini önləyəcəyini deyirlər.