Bakı şəhəri 187 saylı məktəbin direktoru Nailə Məmmədova vəzifədən azad olunması üçün ərizə ilə Təhsil Nazirliyinin rəhbərliyinə müraciət edib.
Bunu N.Məmmədova özü deyib.
Təhsil Nazirliyinin İctimaiyyətlə əlaqələr şöbəsinin müdiri Cəsarət Valehov isə bildirib ki, artıq N.Məmmədova vəzifəsindən azad edilib.
“Təhsilimizdən və dövlətimizdən çox razıyam. Sadəcə əsəblərimi qorumaq üçün istefa verməli oldum”, - deyə Nailə Məmmədova bildirib.
Onun sözlərinə görə, işdən çıxmaqla bağlı ərizəni bir neçə gün əvvəl yazıb.
N.Məmmədova Azərbaycanda tətbiq olunan karantin rejimi qaydalarını pozaraq özünə doğum günü məclisi təşkil edib.
Bununla bağlı videogörüntülər sosial şəbəkələrdə yayılıb. Məktəb direktorunun karantin rejimi qaydalarını pozaraq doğum günün məclisi təşkil etməsi vətəndaşlar tərəfindən tənqid olunub.
Bundan sonra N.Məmmədova ölkə üzrə tətbiq olunan xüsusi karantin rejiminin tələblərini pozması səbəbilə intizam məsuliyyətinə cəlb edilib və ona təhsil naziri Emin Əmrullayevin əmri ilə Əmək Məcəlləsinin müvafiq maddəsinə əsasən, sonuncu xəbərdarlıqla şiddətli töhmət verilib.