Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Regional Şuşa Elmi Mərkəzi yaradılacaq.
Bunu AMEA-nın prezidenti, akademik Ramiz Mehdiyev “Azərbaycanın işğaldan azad edilmiş ərazilərinə dair elmi tədqiqat işləri ilə bağlı AMEA-nın vəzifələri haqqında Tədbirlər Planı” barədə danışarkən deyib.
AMEA rəhbəri qeyd edib ki, tədbirlər planında həmin mərkəzdə digər elm sahələri ilə yanaşı, bölgənin ehtiyacına uyğun fizika məsələlərinin və təbii sərvətlərin fiziki xassələrinin tədqiqi üzrə Fizika Bölməsinin təşkil olunması öz əksini tapıb.
Bundan əlavə, Qarabağ Regional Elmi Mərkəzinin və yeni yaradılacaq Qarabağ Universitetinin formalaşdırılmasına elmi və kadr dəstəyinin göstərilməsi, cihaz və qurğularla təminatı nəzərdə tutulur.
Akademikin sözlərinə görə, həmçinin Sərsəng su anbarının istismarında etibarlılıq göstəricilərinin qiymətləndirilməsi, Xudafərin körpüsünün yanında seysmoakustik stansiyanın yaradılması, Dağlıq Qarabağda astronomik stansiyanın qurulması, Elektron Qarabağ konsepsiyasının işlənilməsi və reallaşdırılması layihələrinə elmi-praktiki dəstəyin həyata keçirilməsi, işğaldan azad edilmiş ərazilərdə ehtiyatı 200 mln. ton neft və 250 mlrd. kubmetr qaz yataqlarının işlənilməsi və emalı üçün yerli xüsusiyyətlər nəzərə alınmaqla təkliflərin hazırlanması da başlıca hədəflərdəndir.