İranın yüksək vəzifəli rəsmisi ali rəhbər ayətüllah Əli Xameneyinin ağır xəstə olduğu barədə yayılan xəbərləri təkzib edib.
Ayətüllahın işlər müvəkkili Mehdi Fəzaeli deyib ki, 81 yaşlı ali rəhbər öz vəzifələrinin icrasındadır:
"Allahın mərhəməti və imanlıların duaları ilə cənabın səhhəti yaxşıdır və o plana uyğun olaraq öz gündəlik işləri ilə məşğuldur”.
Fəzaelinin yazdığı bu tvitdən əvvəl xarici xəbər agentlikləri Xameneyi ilə prezident Həsən Ruhani arasında görüşün təxirə salındığını və ali rəhbərin vəzifələrinin icrasının onun oğullarından birinə, 51 yaşlı Möjtaba Xameneyiyə həvalə olunduğunu bildirmişdilər.
Möjtaba Xameneyi hazırda heç bir siyasi vəzifə daşımır.
Bəzi xəbərlərə görə ayətüllah Xameneyi son dəfə ictimaiyyət qarşısında noyabrın 24-də görünüb. Onun son tviti də bu tarixdə yazılıb.
Şayiələr zənciri
Xameneyi Yaxın Şərqdə ən uzunömürlü dövlət başısıdır. O 1989-cu ildən İranın ali rəhbəridir.
Bu vəzifəyə gəlməzdən əvvəl Xameneyi 1981-1989-cu illərdə İranın prezidenti olub.
2014-cü ildə Xameneyinin prostat vəzisinin xərçənginə görə cərrahiyyə əməliyyatı uğurlu olub.
İranın IRNA dövlət xəbər agentliyi dekabrın 7-də yazıb ki, Tehran birjası indeksinin düşməsi naməlum “şayiələrə” yol açıb.
Təsnim xəbər agentliyi isə yazır ki, Xameneyinin səhhəti barədə məlumat “Londonda mənzillənmuiş bir separatçının” yazdığı saxta tvitdən qaynaqlanıb.
Dövlət televiziyası habelə Bilicilər Şurasının iclasının çağırılması barədə xəbərləri təkzib edib.
Bu şura həm də ali rəhbəri təyin edir.