İlham Əliyev azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı xarici şirkətlərə dəvət göndərildiyini deyib

İlham Əliyev azad edilmiş ərazilərdə bərpa işləri ilə bağlı xarici şirkətlərə dəvət göndərildiyini deyib
7 Dekabr 2020
Mətni dəyiş
Azərbaycan Prezidenti İlham Əliyev işğaldan azad edilmiş ərazilərdə bərpa və yenidənqurma işləri üçün artıq bəzi ölkələrin şirkətlərinə dəvət göndərildiyini bildirib. O bu ölkələrin adlarını açıqlamasa da, vurğulayıb ki, onlar Azərbaycana dost ölkələrdir. Bazar ertəsi İtaliya Deputatlar Palatasından nümayəndə heyəti ilə görüşən İlham Əliyev deyib ki, o bu şirkətlər arasında İtaliyanı da görmək istəyir: "Çox istərdim ki, İtaliya şirkətləri də bərpa və yenidənqurma işlərində fəal iştirak etsinlər. İtaliya tərəfinə artıq bu təkliflər verilib. Yaxın günlərdə video konfrans vasitəsilə ilkin təmaslar olacaq". İlham Əliyev əlavə edib ki, müharibə zamanı Azərbaycan öz dostlarını tanıyıb: "Əsl dostluq çətin anlarda özünü biruzə verir. Bizim üçün bu müharibə də göstərdi ki, Azərbaycanın əsl dostları kimlər, hansı ölkələrdir". Azərbaycan Prezidenti deyib ki, İtaliya ölkənin ticarət tərəfdaşları arasında ilk yerdə gəlir: "Keçən il bizim İtaliya ilə ticarət dövriyyəmiz 6 milyard dollara çatıb". İlham Əliyev deyib ki, bu dövriyyənin böyük hissəsi enerji resurslarına aid olsa da, o, gələcəkdə qeyri-neft sektorunun çəkisinin artacağına ümid edir. Azərbaycan sentyabrın 27-dən başlayan və noyabrın 10-na qədər davam edən əks-hücum əməliyyatlarında və Azərbaycan, Ermənistan və Rusiya liderləri arasında razılaşdırılmış Bəyanat nəticəsində 7 rayonunu işğaldan azad edib, Dağlıq Qarabağın bəzi hissələrini öz nəzarətinə alıb.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun