Ermənistan və Dağlıq Qarabağdakı qüvvələr altı həftəlik müharibə dövründə Azərbaycanda sıx yaşayış məskənlərinə dəfələrlə klastr bombları atıb. Bu haqda “Human Rights Watch” insan haqları təşkilatı dekabrın 15-də hesabat yayıb. Təşkilat bildirir ki, klastr sursatlardan istifadə müharibə qanunlarının pozulması deməkdir.
Bu ilin noyabrında təşkilatın araşdırmaçıları Azərbaycana səfər zamanı üç rayona klastr bombaları ilə dörd hücumun gerçəkləşdirildyini sənədləşdirib. Bu hücumlarda ikisi uşaq olmaqla azı yeddi dinc şəxs öldürülüb, iki uşaq daxil 20 nəfər yaralanıb.
“Klastr sursatları qəddar silahdır, beynəlxalq sazişlə qadağan olunub, onlardan istifadə dinc həyatlara biabırçı sayğısızlığı göstərir. Həm Ermənistan, həm də Azərbaycan klastr sursatlardan istifadə etməməklə bağlı dərhal öhdəlik götürməli, onları qadağan edən sazişə qoşulmalıdır”, – təşkilatın Avropa və Orta Asiya üzrə direktoru Hyu Uilyamson deyib.
Klastr bombaları həm artilleriya, həm raket, həm minaatandan atıla, yaxud təyyarə ilə buraxıla bilər. Onlar adətən havada açılır, böyük əraziyə çoxsaylı bombacıqlar yayır. Bu bombacıqların bəziləri toxunanda partlamaya, amma de-fakto mina kimi qala bilər.
“Human Rights Watch” 2-ci Qarabağ müharibəsində Azərbaycanın da dörd hücumda klastr sursatlara əl atdığını sənədləşdirdiyini, hücumlardan üçünün Xankəndinə, birinin Hadruta endirildiyi bildirirdi.
Azərbaycan rəsmiləri isə əməliyyatlar vaxtı klastr bombalardan istifadə etmədiyini bildirib, üstəlik yalnız hərbi hədəfləri vurduğunu bəyan edib.
Qurum oktyabrda Azərbaycanın Bərdə şəhərinə klastr bombası ilə hücumda 21 dinc sakinin öldürüldüyünü, 70 nəfərin yaralandığını sənədləşdirib.