Dünən erməni silahlı birləşmələrinin Hadrut istiqamətində törətdiyi təxribatı Ermənistan Müdafiə Nazirliyi təsdiqləyib. Təxribat zamanı düşmənin üç hərbçisi xəsarət alıb. Qeyd edək ki, bir neçə gün əvvəl də ermənilər “Azercell” mobil operatorunun avadanlıqlarını quraşdıran əməkdaşlarına hücum ediblər. Bu təxribatların hamısı onu göstərir ki, düşmən hələ də öz çirkin əməllərindən əl çəkmir.
Mövzu barədə Modern.az-a hərbi jurnalist, polkovnik Üzeyir Cəfərov danışıb. O qeyd edib ki, erməniləri bu təxribatlara kənar qüvvələr sövq edir.
“Əvvəla, onu qeyd etmək istəyirəm ki, dünən edilən təxribat ermənilərin öz ağlının məhsulu deyil. Onları bu əmələ təhrik eləyən kənar qüvvələr var. Biz onların adını çəkməsək də, düşmənə bu imkanı yaradanın kim olduğunu bilirik. Həmin qüvvələrin hərəkətləri məni çox narahat edir. Dünənki hücum onu göstərir ki, ermənilər bölgədə yenidən vəziyyəti gərginləşdirmək istəyir. Cənab İlham Əliyev Azərbaycan Ordusunun bu dəfə verəcəyi qərarın daha sərt olacağını dəfələrlə qeyd edib. Ermənilər ağıllarını başlarına almalıdır, əks-təqdirdə bu dəfə alacaqları zərbə onların sonunu gətirəcək.
Üzeyir Cəfərov rusiyalı sülhməramlıların ermənilərə himayədarlıq etdiyini də əlavə edib.
“Ərazilərdə yerləşən rus sülhməramlılar bəzi hallarda düşmənin maraqlarına xidmət edəcək addımlar atırlar. Ona görə də diqqətli və ehtiyatlı olmalıdırlar”.
Polkovnikin sözlərinə görə, bölgəyə gəlmiş sülhməramlılar və ermənilər qanunlar çərçivəsində özlərini aparmırlar:
“Ali Baş Komandan nə zaman, hansı qərarı verməcəyini çox gözəl bilir. Həmin istiqamətlərdə Azərbaycanın ərazi bütövlüyünü və təhlükəsizliyini qorumalı olan dövlət qurumlarına lazım olan göstərişlər verilib. Son zamanlar ərazidə olan rus sülhməramlıları və ermənilərin qanunlar çərçivəsində hərəkət etməmələri məni çox rahat edir. Dünən baş vermiş hadisə onu deməyə əsas verir ki, sülhməramlılar bu məsələlərə o qədər də əhəmiyyət vermirlər. Azərbaycan ərazisində ermənilərin təxribatı sonralar ciddi insidentə səbəb ola bilər. Ona görə də ermənilər ağıllarını başlarına yığmayacağı təqdirdə Ali Baş Komandan lazım olan tədbirləri görəcək. Sadəcə hiss edirəm ki, ermənilər son zamanlar yavaş-yavaş özlərinin vəhşi obrazını bərpa etməyə çalışırlar. Çünki, Azərbaycan Ordusunun dəmir yumruğu başlarına vurulandan, onların ağlı hələ də yerinə gəlməyib”.