28 Dekabr 2020
Mətni dəyiş
Azərbaycanda gələn ildən pensiyalar 9,3 faiz artırılacaq. Bunu Milli Məclisin Əmək və sosial siyasət komitəsinin sədri Musa Quliyev parlamentdə, “Dövlət Sosial Müdafiə Fondunun 2021-ci il büdcəsi haqqında” qanun layihəsini təqdim edərkən deyib.
O qeyd edib ki, orta aylıq pensiyaların məbləği 338 manata yüksələcək: “Yaşa görə pensiyaların orta aylıq məbləğinin isə 370 manata çatacağı gözlənilir. Həmçinin müavinətlərdə də xeyli artımlar planlaşdırılır”.
Xatırladaq ki, Milli Məclisin bu gün keçirilən plenar iclasında “Azərbaycan Respublikasının 2021-ci il dövlət büdcəsi haqqında” qanun layihəsi ikinci oxunuşda müzakirəyə çıxarılıb.
Belə ki, 2021-ci il dövlət büdcəsinin gəlirləri 25 milyard 427 milyon manat nəzərdə tutulur ki, bu da ÜDM-in 33,6 faizi həcmində olmaqla, 2020-ci ilin proqnozu ilə müqayisədə 1 milyard 303 milyon manat və yaxud 5,4 faiz, 2019-cu ilin icra göstəriciləri ilə müqayisədə 1 milyard 208,9 milyon manat və yaxud 5 faiz çoxdur.