O bildirib ki, müharibə başa çatsa da, müharibə ilə bağlı işlər hələ uzun dönəmdə davam edəcək.
Onun sözlərinə görə, ilk növbədə müharibə qurbanlarının, şəhidlərin ailələrinə, yaralanmış və sağlamlığını itirmiş qazi ailələrinə qayğı, onların maddi təminatı dövlətin diqqətində olmalıdır.
Qəhrəmanlı deyib ki, həyatını Vətən üçün verən şəhidlərin ailələrinə dövlət atalıq etməli, qayğısını üstlənməli, onlar kommunal ödənişlərdən azad olunmalı, təhsil, səhiyyə xidmətlərində güzəştlər əldə etməlidirlər. Bu iş 300 manatla yola veriləsi məsələ deyil. İlkin olaraq təklif edirik ki, Koroğlu metrosu yaxınlığındakı "Olimpiya şəhərciyi" kimi tanınan ərazidəki evlər, evsiz və şəraitsiz evlərdə yaşayan şəhid ailələrinə verilsin. Buna onların tam haqqı çatır.
"Eləcə də sağlamlığını itirmiş qazilərlə bağlı da xüsusi dövlət proqramı qəbul edilməli, onların normal maddi təminatı üçün 210 - 250 manat deyil, bir neçə dəfə artıq müavinət ayrılmalı və vətənə öz canı, qanı bahasına sahib çıxanlara dövlət də sahib çıxmalıdır. Bu bir vəfa borcudur", - deyə AXCP rəyasət heyətinin üzvü Fuad Qəhrəmanlı bildirib.