Dövlət komitəsi: "14 azərbaycanlı, 54 erməni əsiri geri qaytarılıb, hələ 3 azərbaycanlı əsirlikdədir"

Dövlət komitəsi: "14 azərbaycanlı, 54 erməni əsiri geri qaytarılıb, hələ 3 azərbaycanlı əsirlikdədir"
17 Dekabr 2020
Mətni dəyiş

"I Qarabağ müharibəsinin nəticələrinə görə, 3890 azərbaycanlı itkin düşmüş şəxs kimi qeydiyyatdadır"

“Hazırda Azərbaycanın beynəlxalq təşkilatların da qeydiyyata aldığı 3 vətəndaşı Ermənistanda əsir-girovluqda saxlanılır. Azərbaycan həmin vətəndaşlarının da azad edilərək qaytarılmasını Ermənistandan tələb edir”.

Bu fikirlər Əsir və itkin düşmüş, girov götürülmüş vətəndaşlarla əlaqədar Dövlət Komissiyasının İşçi qrupu rəhbərinin müavini Eldar Səmədovun Azərtac-a müsahibəsində yer alıb.

Onun sözlərinə görə, 10 noyabr üçtərəfli bəyanatın şərtlərinə uyğun olaraq tərəflər, ilk növbədə, döyüş bölgəsində qalmış hərbçilərin meyitlərinin ərazilərdən götürülməsi prosesinə başlayıblar:

“Bu istiqamətdə işlər Rusiya sülhməramlı qüvvələrinin və Beynəlxalq Qızıl Xaç Komitəsinin (BQXK) vasitəçiliyi ilə həyata keçirilir. Proses başlayandan bu günədək döyüş bölgəsindən 314 Azərbaycan hərbçisinin, 775 Ermənistan hərbçisinin meyiti çıxarılıb. Hazırda bu proses davam etdirilir”.

Eldar Səmədov digər vacib vəzifə isə əsir və girovların “hamının-hamıya” prinsipi əsasında azad edilməsi olduğunu qeyd edib:

“Dekabrın 14-də Azərbaycanın 14 vətəndaşı erməni əsirliyindən və girovluğundan azad edilərək Bakıya gətirilib. Onlardan 12 nəfəri Vətən müharibəsində müxtəlif səbəblərdən əsir düşmüş, digər 2 nəfər isə 2014-cü ilin iyul ayında Kəlbəcər rayonu ərazisində girov götürülərək qeyri-qanuni həbs edilmiş Dilqəm Əsgərov və Şahbaz Quliyevdir”.

[caption id="attachment_94155" align="aligncenter" width="800"] 6,5 il sonra əsirlikdən qaytarılmış iki azərbaycanlı əsir Dilqəm Əsgərov və Şahbaz Quliyev.[/caption]

İşçi qrupu rəhbərinin müavini əsirlərin dəyişdirilməsi prosesinin ilk olmadığını vurğulayaraq xatırladıb ki, Azərbaycan Müdafiə Nazirliyinin iştirakı, ATƏT-in və BQXK-nın vasitəçiliyi ilə Dövlət Komissiyası cari ilin 29 oktyabr, 2 dekabr, 9 dekabr və 11 dekabr tarixlərində 9 ermənini qarşı tərəfə təhvil verib: “Həmin proseslər zamanı Azərbaycan tərəfi humanizm prinsiplərinə hörmətlə yanaşaraq, ilk növbədə, yaşlı insanları qeyd-şərtsiz azad edib, onların öz yaxınlarına qovuşmasını təmin edib”.

Eldar Səmədov 27 sentyabrdan sonra ümumilikdə 54 erməninin azad edildiyini bildirib:

“Onlardan 6 nəfəri sentyabrın 27-dən əvvəl Azərbaycan ərazisində saxlanılmış şəxslərdir. Bundan başqa, Ermənistan silahlı qüvvələrinin geri çəkilərkən döyüş bölgəsində köməksiz vəziyyətdə qoyub getdikləri ağır xəstə olan 2 nəfər yaşlı erməni mülki şəxs Azərbaycan tərəfindən yerləşdirildikləri xəstəxanada aldıqları müalicəyə və həkimlərin hərtərəfli səylərinə baxmayaraq, vəfat etdikləri üçün meyitləri beynəlxalq təşkilatların vasitəçiliyi ilə qarşı tərəfə təhvil verilib”.

O, hazırda Dövlət Komissiyasında Birinci Qarabağ müharibəsinin nəticələrinə görə 3890 Azərbaycan vətəndaşının itkin düşmüş şəxs kimi qeydiyyata alındığını da qeyd edib:

“Dövlət Komissiyası itkin düşmüş bütün vətəndaşlarımızın axtarışı sahəsində zəruri tədbirləri davam etdirir. Bu iş həm də aidiyyəti beynəlxalq təşkilatlarla birlikdə həyata keçirilir. Zəruri olan digər vacib iş isə itkin düşənlərin ailələrindən bioloji (DNT) nümunələrin götürülməsi ilə bağlıdır. Son illər ərzində 3 minə yaxın bioloji nümunə toplanaraq müvafiq qaydada sənədləşdirilib. Ümumiyyətlə, müharibəsi zamanı Ermənistan beynəlxalq humanitar hüquq normalarının, insan hüquqlarının, həmçinin özünün də qoşulduğu Cenevrə Konvensiyalarının öhdəliklərinə məhəl qoymayaraq Birinci Qarabağ müharibəsində olduğu kimi, azərbaycanlı əsirləri beynəlxalq təşkilatlardan gizlətmək yolunu tuturdu, onlar haqqında vaxtında məlumat vermirdi, həyatlarına təhlükəli qaydada qeyri-insani rəftar etməkdən belə çəkinmirdi. Bununla bağlı erməni hərbçilərinin özlərinin qeydə aldıqları təkzibolunmaz videomateriallar və fotolar da mövcuddur. Azərbaycana gətirilən 14 vətəndaşın qanunvericiliklə müəyyən olunmuş prosedur qaydalara əsasən həmin şəxslərin sorğusu keçirilir, onların iştirakı ilə əhəmiyyət kəsb edən hallara dair ibtidai araşdırma hərəkətləri icra edilir, zəruri ekspertizalar aparılır. Bu tədbirlər yekunlaşdırıldıqdan sonra müvafiq qanuni qərarlar qəbul olunacaqdır”.

Bənzər Xəbərlər

Yeniliklərdən xəbərdar olmaq üçün abunə olun