Qarabağda sentyabrın 27-də başlayıb 44 gün davam etmiş İkinci Qarabağ Müharibəsini başa çatdıran noyabrın 9-da imzalanmış atəşkəs razılaşmasından sonra vəziyyəti müşahidə etmək üçün Dağlıq Qarabağda Rusiya ilə Türkiyə Ortaq Mərkəzin yaradılması razılaşdırılıb.
Türkiyə ilə Rusiya arasında Türk-Rus Birgə Mərkəzinin yaradılması barədə müqavilə noyabrın 11-də imzalansa da, detallarla bağlı müzakirələr davam etdiyindən məsələ ilə bağlı tədbir görülməyib.
Mərkəzə dair danışıqlar dekabrın 1-də yekunlaşıb. İki ölkənin (Rusiya-Türkiyə) müdafiə nazirlərinin müavinləri müqaviləyə imzalarını atdıqdan sonra mərkəzin yaradılması prosesi başlayıb.
Dağlıq Qarabağda 44 gün davam etmiş qarşıdurmalara son qoyan atəşkəs razılaşmasından sonra, Türkiyə və Rusiya tərəfləri bu mərkəzlə bağlı fərqli açıqlamalar verib.
Azərbaycan Prezidenti İlham Əliyev atəşkəs razılaşmasının 5-ci maddəsinin "sülhməramlı mərkəzdə" Türkiyənin Rusiya ilə yanaşı yer alacağını ehtiva etdiyini açıqlayıb.
Oxşar açıqlamalar Ankaradan da gəlib. Ancaq gələn açıqlamalarda danışıqların davam etdiyi bildirilib, bölgədə türk əsgərlərinin necə iştirak edəcəyi deyilmir. Moskva isə danışıqlar davam edərkən "Türk əsgərləri meydanda olmamasında" israrlı olub.
Bəyanatın 5-ci maddəsində deyilir ki, "tərəflər tərəfindən razılaşmanın həyata keçirilməsinə nəzarətin effektivliyini artırmaq üçün - atəşkəsə nəzarət etmək üçün barışıq mərkəzi yaradılacaq" deyilir.
Bəs, 5-ci maddəyə əsasən imzalanan Türk-Rus Ortaq Mərkəzi haqqında nə bilinir?
Türkiyə Milli Müdafiə Nazirliyinin 1 dekabr tarixli açıqlamasında deyilir ki, "Türkiyə-Rusiya Birgə Mərkəzinin yaradılması və vəzifə prinsipləri ilə əlaqədar texniki detallarla bağlı danışıqlar başa çatıb və bir memorandum imzalanıb. Mərkəzin ən qısa müddətdə aktivləşdirilməsi üçün lazımi işlər davam etdirilir".
Bir gün sonra müsahibə verən Milli Müdafiə Naziri Hulusi Akar "Orada müştərək müşahidə mərkəzinin qurulması üçün yazılı maneə yoxdur. İndi yerin inşası aparılır. Dostlarımız orada çox qısa müddətdə fəaliyyətə başlayacaq və atəşkəsin qalıcı olmasına çalışacaqlar," deyib.
Prezident Recep Tayyip Erdoğan da dekabrın 9-u və 10-u Bakıya səfər etməyi planlaşdırır. Azərbaycan rəsmilərinin BBC Türkcəyə verdiyi məlumata görə, bu ziyarət mərkəzin planlaşdırılmış istismara verilmə tarixinə təsadüf edir.
Türk-Rus Ortaq Mərkəzi harada yerləşəcək?
Türkiyə Prezidenti "bu mərkəz Azərbaycanın işğaldan azad edilmiş torpaqlarında yaradılacaq" deyib, lakin o, "daha dəqiq yerinə Azərbaycanın qərar verəcəyini" bildirib.
Kreml bu mərkəzin Dağlıq Qarabağ bölgəsində olmayacağını və türk əsgərlərinin ərazidə fəaliyyət göstərməyəcəyini vurğulayıb.
Bu məsələlər Türkiyə və Rusiya arasındakı mübahisəyə səbəb olduğu üçün onun müzakirəsi təxminən bir aya qədər davam edib.
BBC Rusca Xidmətinin rus mənbələrindən əldə etdiyi məlumatda bildirilir ki, mərkəz Dağlıq Qarabağ sərhədinə "çox yaxın" və birbaşa Azərbaycanla əlaqəli bir bölgədə yerləşəcək. Əvvəllər də hərbi baza olaraq istifadə edilmiş, lakin qarşıdurmalarda zərər görmüş bir tikilinin yenidən bərpa edilərək mərkəzin inzibati binası olaraq istifadə olunacağı bildirilib.
BBC Türkcəyə müsahibə vermiş iki Azərbaycan rəsmisi "müzakirələrdə Gəncə və Bərdənin ön plana çıxdığını, lakin Türkiyənin Dağlıq Qarabağa bir qədər uzaq məsafədə yerləşən Gəncəyə etiraz etdiyini, beləliklə də mərkəzin Dağlıq Qarabağın 15 kilometrlik uzaqlığında olan Bərdədə yaradılmasının planlaşdırıldığını" bildirib.
Lakin Bərdə Prezident Erdoğanın da dediyi kimi, son münaqişədə Azərbaycanın nəzarətini bərpa etdiyi bölgə deyil.
Türkiyə hərbi mənbələri də bu məlumatı təsdiqləməyib. Eyni mənbələr "mərkəzin yerləşdiyi yer müqavilə şərtlərinə uyğun olaraq açıqlana bilməz" deyib.
Türk əsgərinin rolu nə olacaq?
Yenə də müqavilənin şərtlərinə görə hər iki tərəf rəsmi açıqlamalarında bu mövzuda ətraflı məlumat verməkdən çəkinir.
Lakin Rusiya təhlükəsizlik mənbələri bu mərkəzin bir il xidmət edəcəyini bildirir, Ankara və Bakı isə razılaşmada vaxt məhdudiyyətinin olmadığını bəyan edib.
Türkiyə əsgərlərinin bölgədə fəaliyyət göstərib-göstərməyəcəyi danışıqların başladığı 11 noyabr tarixindən bəri ən vacib gündəm məsələsidir.
Ankara bu məsələni bazarlıq mövzusu olaraq gündəmdə saxlasa da, Moskva türk əsgərlərinin ortaq patrul nəzarəti üçün belə sahəyə enməməsində israrlıdır.
Razılaşmanın təfərrüatları açıqlanmasa da, bir Rusiya təhlükəsizlik səlahiyyətlisinin dediyinə görə, ruslar bu məsələdə geri çəkilməyib və türk əsgərlərinin yalnız qərargahda xidmət etmələri barədə razılığa gəlinib.
BBC Türkcəyə şərh verən Azərbaycan Prezident Administrasiyasının bir səlahiyyətlisi Türk əsgərlərinin patrul xidməti göstərməyəcəyini, bölgədə ortaq keşik çəkilməyəcəyini, ancaq mərkəzdə xidmət edəcəyini, Rus əsgərləri ilə birlikdə atəşkəs şərtlərinə "texnoloji imkanlar və pilotsuz uçan vasitələrdən" istifadə edərək necə əməl olunmasının müşahidə ediləcəyini bildirib.
O, Dağlıq Qarabağın sərhədləri daxilində silahlı erməni qruplaşmalarının tərksilah edilməsini də Türk və Rus zabitlərinin bu mərkəzdən izləyəcəyini söyləyib.
Ankaradakı hərbi mənbələr də bu məlumatı inkar etməyib, ətraflı məlumat verməkdən çəkiniblər.
Azərbaycan rəsmiləri Türkiyə hərbçilərinin bu mərkəzdə olmasını, sahədən məlumatların texnoloji imkanlarla almasını və bu məlumatları Rusiya əsgərləri ilə birlikdə təhlil etməsini "Türkiyənin Cənubi Qafqaz siyasətində də söz sahibi olması" kimi dəyərləndirir, həmçinin iki ölkə arasındakı hərbi razılaşmaları xatırladır:
"DQ-da, cəbhə xəttində və ya yollarda yalnız Rusiya əsgərləri olacaq. Qaçqınların geri qayıtmasını, və ermənilərin burada silah qoyub-qoymadığını Ortaq Mərkəz izləyəcək. Ancaq gələcəkdə Türkiyəylə ikitərəfli razılaşmalara əsasən, bu ölkəyə fərqli sahələrdə fərqli tapşırıqlar verilə bilər".
Sazişin imzalanmasından sonra Türkiyə milli müdafiə naziri Hulusi Akar "Azərbaycanlı qardaşlarımızla təlim və təcrübə mövzusunda işimizi davam etdiririk. Ümid edirəm, qardaşlarımıza əlimizdən gələni edəcəyik və sonuna qədər azərbaycanlı qardaşlarımızın haqlı işlərində yanlarında qalmağa davam edəcəyik" deyib.