7 Dekabr 2020
Mətni dəyiş
Bu gün, dekabrın 7-də hüquq-mühafizə orqanlarının əməkdaşlarının Cəlilabad Rayon İcra Hakimiyyətinin (RİH) inzibati binasında əməliyyat keçirdiyi bildirilir.
Bu barədə ilk dəfə "yenisabah.az" saytı məlumat verib. Amma bu məlumata rayon icra hakimiyyəti və başqa rəsmi qurumlardan, hələlik, münasibət öyrənmək mümkün olmayıb.
Yayılan qeyri-rəsmi məlumatda deyilir ki, icra başçısı Namiq Zeynalov və bir neçə vəzifəli şəxs saxlanaraq Bakıya aparılıb.
Cəlilabad rayonunun icra hakimiyyətinin başçısı Namiq Zeynalovdur. O, 2018-ci ilin fevralın 6-dan bu vəzifədə çalışır.
Son illər ölkənin bir çox rayonlarındakı icra hakimiyyətlərində oxşar əməliyyatlar keçirilib. Azı 5-dən çox icra başçısı mənimsəmə, vəzifə səlahiyyətini aşma və başqa ittihamlarla həbs ediliblər.
Son bir ildə Dövlət Təhlükəsizliyi Xidməti (DTX) bir sıra rayon və şəhərlərin icra hakimiyyətlərində axtarış aparıb. Axtarışdan sonra icra hakimiyyəti başçılarından və vəzifəli şəxslərdən həbs edilənlər olub. Onlar rüşvət, mənimsəmə və başqa oxşar əməllərdə ittiham ediliblər.
Məsələn, avqustun 19-da Baş prokuror yanında Korrupsiyaya Qarşı Mübarizə Baş İdarəsi Kürdəmir Rayon İcra Hakimiyyətində əməliyyat keçirmişdi. Əməliyyat zamanı Kürdəmir Rayon İcra Hakimiyyəti başçısı Ceyhun Cəfərov və başqaları saxlanılmışdı. Ceyhun Cəfərova qarşı Cinayət Məcəlləsinin 308.2-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə), 311.3.1-ci (qabaqcadan əlbir olan bir qrup şəxs və ya mütəşəkkil dəstə tərəfindən rüşvət alma), 311.3.2-ci (rüşvət alma – təkrar törədildikdə) və 311.3.3-ci (rüşvət alma - külli miqdarda törədildikdə) maddələri ilə ittiham irəli sürülmüşdü.