Bütün ermənilərin katolikosu II Qaregin baş nazir Nikol Paşinyanı istefaya çağırıb.
Bu barədə dekabrın 8-də "Sputnik Armeniya" məlumat yayıb.
Erməni Apostol Kilsəsinin rəhbəri müraciətində Qarabağdakı müharibədən sonra xalqın ağır böhran yaşadığını bildirib. Onun sözlərinə görə, çoxsaylı qurbanlar və itkilər, Qarabağın əhəmiyyətli bir hissəsinin itirilməsi milli birliyə və həmrəyliyə xələl gətirib.
"Gərgin hadisələrdən narahat olduğumuza görə, biz baş nazir Nikol Paşinyanla da görüşmüşük. Cəmiyyətdə artan gərginlik, xarici və daxili problemlər, eləcə də xalqın baş nazirə etimadının aşağı olması ilə əlaqədar olaraq, biz mümkün toqquşmalar və faciəli hadisələrin qarşısını almaq üçün onu səlahiyyətlərini təhvil verməyə çağırmışıq” - deyə, Katolikosun açıqlamasında qeyd olunub.
Məlumata görə, II Qaregin parlamenti xalqın tələblərini dinləməyə, yeni baş nazir seçməyə və milli razılıq hökuməti qurmağa çağırıb.