Ermənistanda parlamentdənkənar 16 siyasi partiya bu gün saat 12.00-dan etibarən vətəndaş itaətsizliyi aksiyalarına start verəcək.
"Sputnik Armeniya"nın məlumatına görə, parlamentdənkənar qüvvələr əmindirlər ki, bu gün saat 12:00-da baş nazir Nikol Paşinyan qarşısına qoyulan istefa tələbini yerinə yetirməyəcək.
"Joxovurd” qəzeti yazıb ki, müxalifət vətəndaş itaətsizliyi aksiyaları çərçivəsində paytaxtın və regionların əsas küçələrini bağlamaq, nəqliyyatın hərəkətini iflic etmək və başqa mexanizmlər həyata keçirmək niyyətindədir.
Dekabrın 5-də Ermənistan müxalifəti baş nazir Nikol Paşinyana və onun komandasına ultimatum verib ki, onlar dekabrın 8-i saat 12:00-a qədər istefa verməlidirlər. Əks təqdirdə, ölkə miqyasında vətəndaş itaətsizliyi aksiyalarna başlanılacağı bildirilib. Ermənistanın keçmiş prezidenti Levon Ter-Petrosyan siyasi qüvvələrə ölkədə vətəndaş müharibəsindən çəkinməklə bağlı xəbərdarlıq edib.